Hər əlavə porsiya riski 5 faiz artırır: Bu qidalardan uzaq durun!
Sağlamlıq
ABŞ-də aparılan yeni elmi araşdırma göstərir ki, ultra emal olunmuş qidaların həddindən artıq istehlakı ciddi ürək-damar problemləri riskini əhəmiyyətli dərəcədə yüksəldir.
News24.az xəbər verir ki, tədqiqatın nəticələrinə əsasən, gündə 9 porsiyadan çox bu tip qidalar qəbul edən şəxslərdə infarkt, insult və koronar ürək xəstəliyi riski digərləri ilə müqayisədə 67% daha yüksəkdir. Həmçinin mütəxəssislər müəyyən ediblər ki, qida rasionuna əlavə edilən hər bir porsiya emal məhsulu bu riski orta hesabla 5% artırır.
Amerika Kardiologiya Kollecinin (American College of Cardiology) illik elmi toplantısında təqdim olunan məlumata görə, ultra emal olunmuş qidalar qrupuna çips, kraker, dondurulmuş yeməklər, emal olunmuş ət məhsulları, şəkərli içkilər və müxtəlif səhər yeməyi məhsulları daxildir. Araşdırma çərçivəsində 45-84 yaş arası 6800-dən çox insanın qidalanma vərdişləri uzunmüddətli təhlil edilib. Nəticələr göstərib ki, bu qidaların istehlakı artdıqca ürək-damar xəstəlikləri və ölüm riski də paralel şəkildə yüksəlir. Bu isə qidalanma rejiminə ciddi nəzarətin nə dərəcədə həyati əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir.