İftar açanların diqqətinə: Öncə bunları yeyin
Sağlamlıq
Ramazan ayında gün boyu davam edən aclıqdan sonra iftar süfrəsinə oturarkən edilən ən böyük səhvlərdən biri ağır və sürətli qidalanmaqdır.
News24.az xəbər verir ki, mütəxəssislər iftar zamanı qidaların düzgün ardıcıllıqla qəbul edilməsinin həm həzm sistemini qoruduğunu, həm də orqanizmin enerji balansının tədricən bərpasına kömək etdiyini bildirirlər.
Sağlam iftar üçün ilk olaraq su içilməsi tövsiyə olunur. Gün ərzində susuz qalan orqanizm üçün bir stəkan su mədəni yüngül şəkildə aktivləşdirir və bədəni növbəti qidaların qəbuluna hazırlayır.
Suyun ardından xurma yemək məsləhət görülür. Xurmanın tərkibindəki təbii şəkər qanda şəkərin səviyyəsini balanslı şəkildə artırır və orqanizmə tez enerji verir.
Daha sonra yüngül şorba qəbul etmək faydalıdır. Tərəvəz və ya paxlalı şorbalar mədəni yormur və uzunmüddətli aclıqdan sonra həzm sisteminə yumşaq başlanğıc təmin edir.
Növbəti mərhələdə salatlara üstünlük verilməsi tövsiyə olunur. Bol göyərti və tərəvəzlərdən ibarət salatlar liflə zəngindir, həzmi yaxşılaşdırır və daha tez doyma hissinin yaranmasına kömək edir.
Mütəxəssislər bildirirlər ki, iftar süfrəsində qızartma, ağır ət yeməklərinin və şirniyyatların dərhal qəbul edilməsi həzm problemlərinə, köpə və qan şəkərinin sürətlə dəyişməsinə səbəb ola bilər.