İllər sonra Avropada nadir xəstəlik təkrar yayıldı: Bunlara diqqət edin!
Sağlamlıq
Avropada 44 ildən sonra cüzam xəstəliyi yenidən aşkarlanıb. Xorvatiya və Rumıniya kimi ölkələrdə qeydə alınan yeni hallar uzun müddət davam edən epidemioloji sakitliyi pozub. Səhiyyə ekspertləri bildirirlər ki, xəstəliyin yayılmasında əsas rolu Asiya ölkələrindən gələn miqrant axınları oynayır. Yeni hallar həm yerli əhali, həm də gələn miqrantlar arasında monitorinqin gücləndirilməsini və profilaktik tədbirlərin artırılmasını zəruri edir. Bu isə Avropada nadir görülən xəstəliklərə diqqətin artırılması ehtiyacını bir daha ortaya qoyur.
Bəs, Avropada cüzam kütləvi şəkildə yayıla bilərmi və onun Azərbaycanda yayılma ehtimalı varmı?
Məsələ ilə bağlı News24.az-a danışan uzman terapevt Zakir Quliyev bildirib ki, cüzam (lepra) Mycobacterium leprae bakteriyasının törətdiyi xroniki yoluxucu xəstəlikdir:
"Xəstəlik əsasən dəriyə, periferik sinirlərə, yuxarı tənəffüs yollarının selikli qişasına və bəzən gözlərə təsir göstərir. Cüzam çox yavaş inkişaf edir və əlamətlər illər sonra üzə çıxa bilər. Yoluxma adətən uzun müddət xəstə ilə yaxın təmas zamanı, xüsusən hava-damcı yolu ilə baş verir. Qısa müddətli təmasla yoluxma ehtimalı çox aşağıdır".
Terapevt bildirib ki, əlamətlərə əsasən dəridə ağrısız və hissiyyatsız ləkələr, uyuşma, keyimə, əzələ zəifliyi, sinirlərin qalınlaşması və uzun müddət müalicə olunmadıqda əl-ayaqlarda deformasiyalar daxildir:
"Müasir tibbdə cüzam antibiotiklərin kombinasiyası ilə effektiv şəkildə müalicə olunur və tam sağalma mümkündür. Müalicəyə vaxtında başlandıqda xəstəliyin ağırlaşmalarının və əlilliyin qarşısı alınır. Erkən diaqnoz və düzgün müalicə həm xəstənin sağlamlığını qoruyur, həm də yoluxmanın yayılmasını dayandırır".