Koronavirusun yeni növü yayılır - Uşaqlar təhlükədə

Koronavirusun yeni növü yayılır - Uşaqlar təhlükədə Sağlamlıq

Ümumdünya Səhiyyə Təşkilatı yeni, güclü mutasiyaya uğramış BA.3.2 koronavirus ştammının “Sikada” adlandırılan variantının yayılmasını araşdırır.

News24.az xəbər verir ki, hazırda bu ştamm 23 ölkədə aşkar edilib.

ABŞ-də aparılan araşdırmalar zamanı isə ölkənin 25 ştatında yoluxma hallarının olduğu ortaya çıxıb.

Ştammın əsas xüsusiyyətlərindən uşaqların böyüklərə nisbətən daha tez yoluxmasıdır.

Mütəxəssislər xroniki ağciyər, ürək xəstəlikləri və ya immun çatışmazlığı olan uşaqların valideynlərinə vaxtında həkimə müraciət etməyi məsləhət görüblər. Əksər sağlam uşaqlarda isə xəstəliyin öz-özünə keçəcəyi gözlənilir.

ÜST bu ştamma “müşahidə altında” statusu verib və hələlik ağır hallar, hospitalizasiya və ya ölüm sayında artım barədə məlumat olmadığını bildirib.

Simptomlar isə adi COVID-19 əlamətləri ilə eynidir. Bunlar qızdırma, öskürək, boğaz ağrısı, yorğunluq, baş ağrısı və nəfəs darlığıdır.

Yüksək risk qrupuna 65 yaşdan yuxarı şəxslər, xroniki xəstələr və immun sistemi zəif olan insanlar daxildir.

Mütəxəssis Paul Hanter bildirib ki, yeni ştammların yaranması normaldır və COVID-19 ehtimal ki, tam yox olmayacaq. Onun sözlərinə görə, yeni variantlar yoluxmanın artmasına səbəb olacaq, lakin ağır hallar və ölüm sayı böyük ehtimalla azalmaqda davam edəcək. Yəni COVID-19 tədricən adi mövsümi tənəffüs infeksiyalarından birinə çevrilir.