Ölümə səbəb olan xəstəlik yayılır - Azərbaycana keçmə riski varmı?

Ölümə səbəb olan xəstəlik yayılır - Azərbaycana keçmə riski varmı? Sağlamlıq

“Meymunçiçəyi” kimi tanınan mpox virusu ilə bağlı dünyada narahatlıq yenidən gündəmə gəlib. Bir neçə il əvvəl Ümumdünya Səhiyyə Təşkilatı virusun yayılması ilə əlaqədar qlobal fövqəladə vəziyyət elan etmiş, xəstəlik Afrikadan kənarda da qeydə alınmışdı. Son günlər Rusiyada yeni yoluxma hallarının aşkarlanması diqqəti bir daha bu infeksiyaya yönəldib. Məlumata görə, bu, Rusiyada son bir ay ərzində qeydə alınan üçüncü yoluxma halıdır.

Bəs mpox virusunun Azərbaycanda yayılma riski nə qədərdir? Ölkəmizdə bu infeksiyaya qarşı hansı qabaqlayıcı tədbirlər görülür və vətəndaşlar nələrə diqqət etməlidirlər?

Məsələ ilə bağlı News24.az-a danışan həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki, meymunçiçəyi virusu təbii "çiçək"lə müqayisədə daha yüngül gedişə malikdir, bununla belə, xəstəlik zamanı orqanizmdə intoksikasiya əlamətləri yarana bilər:

"Meymunçiçəyi zoonotik infeksiya hesab olunur və əsasən, heyvanlardan insanlara keçir. Virus insandan insana da ötürülə bilər. Meymunçiçəyi virusu "çiçək virusları" ailəsinə aiddir. Bu ailənin ən təhlükəli nümayəndəsi isə təbii "çiçək virusu"dur. Bu, vaxtilə çox ağır keçən, milyonlarla insanın həyatına son qoyan təhlükəli karantin infeksiyası olub. Hazırda ölkəmiz üçün hər hansı təhlükə yoxdur, lakin hər bir halda diqqətli olmaq lazımdır. Bu xəstəlik insandan insana dəri vasitəsilə keçib yayıla bilər".

Həkim bildirib ki, vaksinasiya nəticəsində "çiçək xəstəliyi" 1980-ci ildə dünyada eradikasiya edilib, yəni tamamilə aradan qaldırılıb:

"Bu, bəşəriyyətin infeksion xəstəliklərlə mübarizəsində mühüm nailiyyətlərdən biridir. Meymunçiçəyi isə daha yüngül gedişə malikdir. Lakin bu o demək deyil ki, xəstəliyə laqeyd yanaşmaq olar. İnfeksiya zamanı hərarət, halsızlıq və digər intoksikasiya əlamətləri müşahidə edilə bilər. Meymunçiçəyi virusunun yayılma xüsusiyyətlərini və xəstəliyin gedişini nəzərə alaraq, infeksiyaya qarşı diqqətli olmaq, yoluxma şübhəsi yarandıqda isə vaxtında tibbi yardım almaq vacibdir.