Omeqa-3 qəbulunun gizli təhlükəsi üzə çıxdı

Omeqa-3 qəbulunun gizli təhlükəsi üzə çıxdı Sağlamlıq

Bristol Universitetinin alimləri tərəfindən aparılan yeni bir araşdırma, omeqa-3 yağ turşularının bədəndəki iltihabı mütləq şəkildə azaltdığına dair geniş yayılmış inancı şübhə altına alıb. 

News24.az bildirir ki, Beynəlxalq Epidemiologiya Jurnalı (IJE) tərəfindən yayımlanan tədqiqatın nəticələrinə görə, bəzi hallarda omeqa-3 yağ turşuları iltihab markerlərinin səviyyəsini artıra da bilər.

Araşdırma, Valideynlər və Uşaqların 30 illik Avon Uzunlamasına Tədqiqatı çərçivəsində toplanan məlumatlar əsasında aparılıb. Nəticələr göstərib ki, qanda yüksək omeqa-3 səviyyəsi bəzi iltihab biomarkerlərinin artması ilə əlaqəlidir.

Alimlər həmçinin vurğulayıblar ki, bədəndəki omeqa-6 ilə omeqa-3 arasındakı nisbət də mühüm rol oynayır. Nisbətdə omeqa-6-nın çox olması iltihabın artmasına səbəb ola bilər.

Tədqiqatçılar əldə etdikləri nəticələri dünyanın ən böyük səhiyyə məlumat bazalarından biri olan UK Biobank-ın məlumatları ilə də müqayisə ediblər. Burada yarım milyon nəfərə aid məlumatlar təhlil olunub və yenidən omeqa-3 və omeqa-6 arasında müsbət əlaqə aşkar edilib. Araşdırmada səbəb-nəticə əlaqəsini dəqiqləşdirmək üçün Mendel randomizasiyası metodundan istifadə olunub.

Tədqiqatın müəllifləri vurğulayıblar ki, iltihab çox mürəkkəb bioloji prosesdir və omeqa-3 yağ turşularının hər zaman iltihabı azaltması gözlənilə bilməz. Bununla belə, bu nəticələr omeqa-3-ün pəhrizdə digər sağlamlıq faydalarını istisna etmir.

Alimlər bildiriblər ki, bu sahədə dəqiq nəticələr əldə etmək üçün əlavə biomarkerlər üzərində yeni araşdırmalara ehtiyac var.

Aqil