Onlayn dərman sifarişi təhlükəlidirmi? - Nazirlikdən AÇIQLAMA

Onlayn dərman sifarişi təhlükəlidirmi? - Nazirlikdən AÇIQLAMA Sağlamlıq

“Qanunvericiliyə görə əhaliyə dərman vasitələri yalnız aptek təşkilatları tərəfindən buraxılmalıdır”.

News24.az xəbər verir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq müfəttişliyi şöbəsinin müdiri Pərviz Əzizbəyov deyib.

Onun sözlərinə görə, vətəndaşlar müxtəlif internet səhifələrindən və ya sosial şəbəkələrdən onlayn şəkildə dərman vasitələri sifariş verməməli, müalicə həkiminin təyinatı əsasında dərman vasitələrini apteklərdən alıb istifadə etməlidirlər:

“Həkimin təyinatı olmadan internet üzərindən sifariş verilərən dərman vasitələrindən istifadə etmək tövsiyə edilmir, çünki düzgün doza və istifadə qaydaları həkim tərəfindən müəyyən edilməlidir. Əks təqdirdə, düzgün istifadə edilməyən dərmanlar sağlamlığa ciddi zərər yetirə bilər. Yalnız dərman vasitələrinin pərakəndə satışı əczaçılıq fəaliyyətinə lisenziyası olan apteklərin rəsmi internet səhifəsindən dərman vasitələri sifariş oluna bilər. Bu zaman dərman vasitələrinin çatdırılması müvafiq saxlama, daşınma və reseptlə bağlı şərtlərə ciddi riayət edilməklə həyata keçirilməlidir”.

P.Əzizbəyov bildirib ki, Nazirlər Kabinetinin 14 aprel 2023-cü il tarixli, 318 saylı Sərəncamına əsasən, 2024-cü ilin yanvar ayından etibarən ölkə üzrə “Elektron Resept Sistemi” bütün tibb müəssisələrində mərhələli şəkildə tətbiq edilməyə başlanılıb:

“Səhiyyə Nazirliyi tərəfindən hazırlanan bu sistem, tibbi məlumatların daha şəffaf, effektiv və əlçatan olmasına xidmət edərək, qeydiyyatsız, keyfiyyətsiz, istifadə müddəti bitmiş dərman vasitələrinin dövriyyəsini, eləcə də qanunsuz dərman satışını önləyərək, vətəndaşların istehlakçı hüquqlarının qorunmasını təmin edir”.