Parkinson özünü illər əvvəl büruzə verir – Həkim erkən əlamətləri açıqladı
Sağlamlıq
Parkinson xəstəliyi hərəkət məhdudiyyətindən xeyli əvvəl özünü göstərir.
News24.az xəbər verir ki, bunu Biruni Universiteti Tibb Fakültəsi Xəstəxanasının nevrologiya mütəxəssisi, dosent Demet Aygün Üstel bildirib.
Onun sözlərinə görə, xəstəlik adətən əllərdə titrəmə və hərəkətlərin yavaşlaması ilə tanınsa da, əslində bu əlamətlərdən illər əvvəl orqanizm müəyyən siqnallar verməyə başlayır. Həkim vurğulayıb ki, Parkinson proqressiv sinir sistemi xəstəliyidir və erkən simptomların vaxtında müəyyən edilməsi diaqnoz prosesi üçün həyati əhəmiyyət daşıyır.
Mütəxəssis bildirib ki, xəstəliyin erkən əlamətlərindən biri iybilmə qabiliyyətinin azalmasıdır.
Bununla belə, o qeyd edib ki, iybilmənin azalması və ya itməsi müxtəlif səbəblərlə bağlı ola bilər:
“Lakin uzun müddət davam edən və digər tibbi səbəblərlə izah edilə bilməyən hallarda bu ehtimal mütləq nəzərə alınmalıdır. Xəstəlik cəmiyyətdə əsasən titrəmə ilə əlaqələndirilir. Halbuki bu, hər xəstədə ilk əlamət olmaya bilər. Bəzi hallarda yuxu pozğunluqları, qəbizlik və əhval-ruhiyyə dəyişiklikləri də müşahidə olunur. Eyni zamanda hərəkətlərin yavaşlaması, əzələlərdə sərtlik, kiçik addımlarla yerimə və müvazinət problemləri xəstəlikdən illər əvvəl ortaya çıxa bilən əlamətlərdir”.
Parkinson xəstəliyində erkən diaqnozun müalicə prosesində mühüm üstünlüklər yaratdığını qeyd edən mütəxəssis əlavə edib ki, müntəzəm nəzarət və düzgün müalicə ilə xəstələrin həyat keyfiyyətini uzun illər qorumaq mümkündür.
“İybilmə itkisi təkbaşına Parkinson demək deyil. Lakin izah olunmayan belə bir problem varsa, nevroloqa müraciət etmək faydalıdır. Erkən qiymətləndirmə xəstəliyin gedişatını nəzarətdə saxlamaq baxımından vacibdir”, – deyə o bildirib. (TRT Haber)
Nilufər