Pediatrdan vacib çağırış: Peyvəndsiz uşaqlar risk altındadır

Pediatrdan vacib çağırış: Peyvəndsiz uşaqlar risk altındadır Sağlamlıq

"Peyvəndlər virus infeksiyalarının qarşısının alınmasında çox böyük rol oynayır. Peyvəndlərin heç bir zərəri və ciddi əks göstərişi yoxdur. Təbii ki, peyvənd olunan uşaq yenə də bəzi xəstəlikləri yüngül formada keçirə bilər".

News24.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi -tədqiqat pediatriya institunin pediatrı Səbinə Cəfərova səsləndirib.

Onun sözlərinə görə, qızılca, suçiçəyi, hepatit və digər xəstəliklərin ağırlaşmalarının qarşısını yalnız peyvənd vasitəsilə ala bilərik:

"Peyvəndlər ağırlaşma və əlillik riski yaradan viruslara qarşı effektiv qorunma vasitəsidir. Peyvənd vurulduqdan sonra inyeksiya yerində yüngül qızartı və şişkinlik ola bilər. Lakin bunlar keçicidir və uşağın sağlamlığına heç bir zərər vermir".

Pediatr qeyd edib ki, ötən ilin oktyabr ayında Səhiyyə Nazirliyi tərəfindən Fransa istehsalı peyvəndlər ölkəyə gətirilib:

"Bu peyvəndləri hamilə qadınlar, yaşlılar və 6 aydan yuxarı uşaqlar vurdura bilərlər".

Virus infeksiyalarına yoluxma hallarına gəldikdə isə, pediatr bildirib ki, ilk növbədə, uşağa rahat və sakit istirahət şəraiti yaradılmalıdır”.

Onun sözlərinə görə uşaq kifayət qədər yatmalı, fiziki və zehni yüklənmədən uzaq saxlanmalıdır:

“Otağın havası təmiz olmalı, gündə bir neçə dəfə havalandırılmalıdır. Xəstəlik dövründə uşağın orqanizmi çox maye itirdiyi üçün bol maye qəbulu xüsusilə vacibdir. Uşağa tez-tez, az miqdarda su, kompot, ilıq çay və şorba verilməsi tövsiyə olunur. Ana südü alan körpələrdə ana südü mütləq davam etdirilməlidir”.

Pediatr qeyd edib ki, qidalanma yüngül və asan həzm olunan olmalıdır:

“Uşağı zorla yedirtmək olmaz. Yağlı, qızardılmış və ağır yeməklərdən uzaq durmaq, ev şəraitində hazırlanmış sadə yeməklərə üstünlük vermək məsləhətdir. Bundan əlavə, gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Uşağın əlləri tez-tez yuyulmalı, onun şəxsi dəsmalı və qab-qacağı ayrılmalıdır. Bu, virusun ailənin digər üzvlərinə keçməsinin qarşısını alır. Dərmanlar yalnız həkim məsləhəti ilə verilməlidir. Özbaşına antibiotik və digər dərmanların istifadəsi uşağın sağlamlığı üçün təhlükəlidir və ağır fəsadlara səbəb ola bilər”.

S.Cəfərova sonda bildirib ki, əgər uşağın qızdırması 3 gündən artıq davam edirsə, davamlı qusma, səpgi və ya həddindən artıq halsızlıq müşahidə olunursa həkimə müraciət etmək lazımdır.