Peyvəndlər uşaqların orqanizminə necə təsir edir? – Həkimlərdən vacib izah

Sağlamlıq

Goranboy rayonunun Yuxarı Ballıqaya kənd sakini, 2025-ci il təvəllüdlü azyaşlı Mirzəyev Nihatın ölümü faktı qeydə alınıb. Ölümün peyvəndlə əlaqəli olduğu iddia edilsə də, TƏBİB-dən əldə edilən məlumata görə, uşaq yaşına uyğun rutin profilaktik müayinədən keçirilib və Milli Peyvənd Təqviminə əsasən göyöskürək, difteriya, tetanus, b tipli Haemophilus influenzae, hepatit B və poliomielit infeksiyalarına qarşı 6 komponentli (Heksaksim) vaksin, həmçinin pnevmokok infeksiyasına qarşı peyvəndin ikinci dozası tətbiq olunub. Məlumata görə, peyvənddən sonra azyaşlı tibb məntəqəsində müəyyən edilmiş müddət ərzində tibbi müşahidə altında saxlanılıb, hər hansı kəskin allergik reaksiya, anafilaktik əlamət və ya digər klinik dəyişiklik qeydə alınmayıb. Gün ərzində uşağın səhhəti ilə bağlı narahatlıq müşahidə olunmayıb.

Məsələ ilə bağlı News24.az-a danışan tanınmış pediatr Vaqif Qarayev bildirib ki, Goranboyda peyvənddən sonra həyatını itirdiyi deyilən körpənin ölümü ilə bağlı bir çox məqamlar hələ də dəqiqləşdirilməyib:

“Heç bir halda uşaq peyvəndlə əlaqədar ciddi problem yaşamaz. Vaksin müəyyən zülal komponentindən və ya zəiflədilmiş, yaxud təsirsiz hala salınmış xəstəlik törədicisindən ibarətdir. Vaksinlərin müxtəlif növləri var. Vaksinlər diri, ölü (inaktiv) və zəiflədilmiş olur.

Diri vaksin xəstəlik törədicisinin zəiflədilmiş, lakin canlı formasının orqanizmə yeridilməsidir ki, immun sistemi onu tanıyaraq müdafiə yarada bilsin. Bəzi vaksinlər isə yalnız zülal tərkibli olur.

Peyvənddən sonra yüngül reaksiyalar, məsələn, qızdırma, halsızlıq, oyanıqlıq, yuxusuzluq və s. müşahidə oluna bilər. Lakin bunlar keçici hallardır və qısa müddət ərzində aradan qalxır, adətən ciddi təhlükə yaratmır".

Pediatrın sözlərinə görə, əsas məsələ peyvəndin sağlam uşağa vurulmasıdır:

"Peyvənd olunan gün uşağın hərarəti və ya kəskin xəstəlik əlaməti olmamalıdır. Həmçinin, əvvəlcədən mövcud olan sinir sistemi və ya digər orqanik xəstəliklər barədə həkim məlumatlı olmalıdır".