Qadınlar bunu görməzdən gəlirlər — Qorxmayın, yoxlayın!
Sağlamlıq
“Süd vəzi xərçənginin erkən aşkarlanması xəstəliyin müalicəsində əsas amillərdən biridir. Biz xəstələrin ilkin simptomlarla deyil, skrininq mammoqrafiya müayinəsi vasitəsilə həkimə müraciət etməsini tövsiyə edirik. Bu zaman süd vəzi xərçənginin mövcud olub-olmaması erkən mərhələdə müəyyən edilə bilər”.
Bu fikirləri News24.az-a açıqlamasında həkim-onkoloq Nərmin Axundova “Xərçəngdən güclüsən” adlı tədbir çərçivəsində səsləndirib.
Onun sözlərinə görə, erkən mərhələdə müşahidə edilən klinik əlamətlərə süd vəzilərinin assimetriyası, dəridə hiperemiya (qızartı), dərinin “portağal qabığı” və ya “limon qabığı” görünüşü, süd vəzisində bərk törəmənin əmələ gəlməsi daxildir:
“Bəzi hallarda süd vəzisindən qanlı ifrazatın müşahidə olunması da erkən süd vəzi xərçənginin göstəricilərindən biri hesab edilir. Ümumiyyətlə, qadınlar mütəmadi olaraq süd vəzilərini palpasiya etməli və bu prosesi qorxu ilə qarşılamamalıdırlar”.
Həkimin sözlərinə görə, xəstəliyin gecikmiş mərhələlərində orqanlara yayılmış metastatik proseslərə müdaxilə imkanları xeyli məhdudlaşır:
“Süd vəzi digər orqanlarla müqayisədə daha yüngül klinik gedişata malik olsa da, bu, xəstəliyin inkişafına laqeyd yanaşmaq üçün əsas deyil”.
Nərmin Axundova əlavə edib ki, kişilərdə süd vəzi xərçənginin klinik təzahürləri qadınlardakı ilə oxşardır:
“Lakin kişilər adətən tibbi yardıma daha gecikmiş mərhələdə müraciət edirlər. Onlar simptomları çox zaman dəri xəstəlikləri və ya ürək-damar pozğunluqları ilə səhv salırlar. Nəticədə diaqnoz yalnız digər orqan sistemlərinin müayinəsindən sonra qoyulur ki, bu da gecikmiş mərhələ kimi qiymətləndirilir”.
Onkoloq qeyd edib ki, süd vəzi xərçəngi ümumilikdə həm qadınlarda, həm də kişilərdə daha çox 40 yaşdan yuxarı fərdlərdə müşahidə olunur:
“Bu, həmin yaş dövründən etibarən hormonal balansın dəyişməsi və endokrin pozğunluqların artması ilə əlaqədardır”.