Qaraciyər piylənməsi ilə bağlı 10 yanlış və doğru
Sağlamlıq
Mütəxəssislərin sözlərinə görə, qaraciyər piylənməsi illərlə heç bir əlamət vermədən inkişaf edə və vaxtında aşkar edilmədikdə qaraciyər iltihabı, fibroz və sirroz kimi ağır fəsadlara səbəb ola bilər.
News24.az xəbər verir ki, bu barədə türkiyəli qastroenteroloq, professor Bülənt Yıldırım açıqlama verib.
O bildirib ki, piylənmə, 2-ci tip diabet və oturaq həyat tərzi xəstəliyin əsas risk amilləridir.
Xəstəlik təkcə qaraciyəri deyil, həm də ürək-damar sistemi, insulin müqaviməti və 2-ci tip diabet riski ilə sıx əlaqəlidir.
Professor qaraciyər piylənməsi ilə bağlı geniş yayılmış yanlış təsəvvürləri də sadalayıb.
Qaraciyər piylənməsi yalnız alkoqoldan yaranmır, əsas səbəblər artıq çəki, diabet və hərəkətsizlikdir.
Qaraciyər analizlərinin normal çıxması piylənmənin olmadığı anlamına gəlmir.
Xəstəlik yalnız kök insanlarda deyil, normal çəkili şəxslərdə də yarana bilər.
Ən effektiv müalicə sağlam qidalanma, müntəzəm fiziki aktivlik və arıqlamaqdır.
Elmi sübutu olmayan bitki mənşəli məhsullar faydadan çox zərər verə bilər.
Bədən çəkisinin cəmi 5–10 faiz azaldılması belə qaraciyərdə piylənmə və iltihabı əhəmiyyətli dərəcədə azalda bilər.
Erkən mərhələdə sağlam həyat tərzi sayəsində qaraciyər böyük ölçüdə bərpa oluna bilir.
Mütəxəssis vurğulayıb ki, qaraciyər piylənməsinin erkən diaqnozu və sağlam həyat tərzi ağır fəsadların qarşısını almaqda əsas rol oynayır.
Professor Bülənt Yıldırım bildirib ki, qan analizlərində qaraciyər göstəriciləri normal olsa belə, qaraciyər piylənməsi, hətta sirroz mərhələsinə qədər irəliləmiş xəstəlik mövcud ola bilər.
Onun sözlərinə görə, qaraciyər piylənməsi yalnız artıq çəkili insanlarda deyil, normal çəkisi olan şəxslərdə də inkişaf edə bilər. Xüsusilə bel çevrəsi geniş olanlar və 2-ci tip diabetdən əziyyət çəkənlər risk qrupuna daxildir.
Professor əlavə edib ki, qaraciyər piylənməsi təkcə qaraciyəri deyil, infarkt, insult, böyrək xəstəlikləri və 2-ci tip diabet riskini də artırır.
Erkən diaqnoz, sağlam həyat tərzi və vaxtında görülən tədbirlər sayəsində qaraciyər böyük ölçüdə bərpa oluna bilər. Buna görə də xəstəliyin erkən aşkar edilməsi xüsusi əhəmiyyət daşıyır.