Qəfil ürəktutmalar gəncləri də hədəf alır – Həkim riskləri açıqladı

Qəfil ürəktutmalar gəncləri də hədəf alır – Həkim riskləri açıqladı Sağlamlıq

Son günlər ölkənin müxtəlif bölgələrindən ürəktutma nəticəsində ölüm halları ilə bağlı yayılan xəbərlər cəmiyyətdə narahatlıq doğurub. Qısa müddət ərzində fərqli yaş qruplarından insanların qəfil həyatını itirməsi ürək-damar xəstəlikləri, risk faktorları və profilaktik tədbirlər barədə sualları yenidən gündəmə gətirib. Bu halların səbəbləri və risklərin vaxtında aşkarlanması məsələsi isə müzakirə mövzusuna çevrilib.

Mövcud vəziyyətlə bağlı News24.az-a danışan kardioloq Aynur Məmmədova bildirib ki, ürək-damar xəstəlikləri və bu səbəbdən vəfat edənlərin sayı artmaqdadır:

"Bu hallar qəfil ürək ölümü ilə əlaqədar ola bilər, eyni zamanda həyati təhlükəli aritmiyalarla da bağlılıq göstərə bilər. Əsas səbəblərdən biri gənclərin "fast food"a üstünlük verməsi, energetik içkilərdən istifadə etməsi, siqaretin, xüsusilə elektron siqaretlərin geniş yayılmasıdır ki, bu da qəfil ürək tutması hallarının sayını artıra bilər. Bundan əlavə, həyati təhlükəli aritmiyalara ürəyin elektrik sistemində olan anadangəlmə aparıcı yolların defektləri səbəb ola bilər. Bu hallar bəzən təsadüfi müayinə zamanı müəyyən olunur".

Qəfil ürək tutmasına səbəb olan amillər barədə danışan həkim bildirib ki, bunlar iki qrupa bölünür:

“Amillər geri dönən və dönməyən qruplara ayrılır. Dönməyənlərə yaş və irsi xüsusiyyətlər daxildir. Geri dönənlər isə yüksək təzyiq, yağlı qidaların çox istifadə olunması, artıq çəki, şəkərli diabet, tütün istifadəsi və hərəkətsizlikdir. Bütün bu amillər ürək-damar problemləri üçün ciddi risk yaradır”.

Kardioloq ürək tutmasının qarşısını almaq üçün profilaktik müayinələr və həyat tərzi dəyişikliklərinin vacibliyini qeyd edib:

“Ürək-damar xəstəliklərinin qarşısını almaq üçün profilaktik müayinələrin həyata keçirilməsi çox vacibdir. Həyat tərzinin düzgün seçilməsi, düzgün qidalanma, meyvə və tərəvəzə üstünlük verilməsi, piyada gəzməyin artırılması, stresdən uzaq olmaq və gecə yuxusunun tam alınması da önəmlidir”.

Mütəxəssis sonda gənclər arasında profilaktik müayinələrin mütəmadi aparılmasının vacibliyini vurğulayıb.

Gülçin Abdullayeva