Qlobal “üçlü virus” təhlükəsi: Türkiyədə yayıla bilər
Sağlamlıq
Dünya erkən başlayan və sürətlə yayılan qrip epidemiyası ilə üz-üzə qalıb.
News24.az xəbər verir ki, Yaponiyada məktəblər bağlanıb, Avstraliya isə tarixinin ən ağır epidemiyasını yaşayır. Hazırda eyni anda üç fərqli virus – qrip (influenza), RSV və SARS-CoV-2 – sürətlə yayılır. Bu vəziyyət Avropa və Türkiyə üçün ciddi xəbərdarlıq siqnalı hesab olunur.
Yaponiyada xəstəlik səbəbindən 100 məktəb bağlanıb, xəstəxanalarda isə xüsusilə 13–15 yaşlı uşaqlar arasında sıxlıq müşahidə edilir. Statistikalar göstərir ki, ölkə 1999-cu ildən bəri ən ağır epidemiyasını keçirir.
Avstraliyada vəziyyət daha kritikdir. Ölkə üzrə 410 mindən çox yoluxma qeydə alınıb, tibb müəssisələri dolub-daşır. Rəsmilər bu vəziyyəti “qırmaq istəmədiyimiz bir rekord” kimi qiymətləndirirlər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, Avstraliyada başlayan bu “üçlü virus dalğası” yaxın həftələrdə Avropa və Türkiyəyə yayıla bilər.
Avropada isə vəziyyəti çətinləşdirən əsas amillərdən biri azalan peyvəndlənmə səviyyəsi və həkimlərin etiraz aksiyalarıdır. Xüsusilə İngiltərədə ailə həkimlərinin tətilə çıxması, qitəni qış mövsümünə hazırlıqsız vəziyyətdə qoyub.
Ekspertlər bildirirlər ki, qrip peyvəndi olmaq bu dalğanın qarşısını almağın ən effektiv yolu olaraq qalır.