"Quru göz" xəstəliyi geniş yayılır – səbəblər və əlamətlər

"Quru göz" xəstəliyi geniş yayılır – səbəblər və əlamətlər Sağlamlıq

"Quru göz" xəstəliyi günümüzdə geniş yayılmış göz sağlamlığı problemlərindən biridir.

News24.az xəbər verir ki, mütəxəssislər bu xəstəliyin göz yaşının az ifraz olunması və ya tez buxarlanması nəticəsində gözlərin kifayət qədər nəmlənməməsi ilə xarakterizə olunduğunu bildirirlər.

Nəticədə gözdə yanma, batma, qızartı, bulanıq görmə və yad cisim hissi yaranır.

Mütəxəssislərin bildirdiyinə görə, uzun müddət ekran qarşısında qalmaq, kondisionerli və quru mühitlər, yaşlanma, hormonal dəyişikliklər, vitamin çatışmazlığı, kontakt linza istifadəsi, bəzi dərmanlar və xəstəliklər quru göz riskini artırır. Əlamətlər adətən hər iki gözdə müşahidə olunur və günün sonuna doğru daha da şiddətlənə bilər.

Bunun qarşısını almaq üçün ekran istifadəsinin məhdudlaşdırılması, mühitin nəmləndirilməsi, omega-3 ilə zəngin qidalanma və süni gözyaşı damlalarından istifadə tövsiyə olunur. Şikayətlər davamlı olduqda isə göz həkiminə müraciət edilməsi vacib sayılır. Mütəxəssislər bildirirlər ki, quru göz xəstəliyi erkən diaqnoz və düzgün müalicə ilə nəzarət altına alına bilər.