Sərhədlərimiz yaxınlığında epidemiya riski: Yeni virusla bağlı həyəcan təbili çalınır

Sərhədlərimiz yaxınlığında epidemiya riski: Yeni virusla bağlı həyəcan təbili çalınır Sağlamlıq

İranda denge qızdırmasına yoluxma halları artıb. Rəsmi məlumatlara əsasən, son bir il ərzində 1300-ə yaxın yoluxma faktı qeydə alınıb və virusun daşıyıcısı olan Aedes ağcaqanadlarının bir sıra əyalətlərdə yayılması müşahidə olunur. Xüsusilə cənub bölgələrində yoluxma sayının yüksək olması epidemioloji riskləri artırır.

Denge qızdırması əsasən tropik və subtropik iqlim qurşağında yayılır. Lakin iqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, intensiv miqrasiya və nəqliyyat əlaqələri virusun yeni ərazilərə daşınması riskini artırır. Aedes ağcaqanadı uyğun iqlim və rütubət şəraiti olan bölgələrdə sürətlə çoxala bilir. Məsələ region və qonşu ölkələr tərəfindən də diqqətlə izlənilir.

Maraqlıdır, virusun regionda və ölkəmizdə yayılması mümkündürmü?

Mövzu ilə bağlı News24.az-a danışan tibb sahəsi üzrə ekspert Rasif Bağırov bildirib ki, denge qızdırması bütün ağcaqanadlar vasitəsilə deyil, yalnız xüsusi növ ağcaqanadlar tərəfindən yayılır. Onun sözlərinə görə, hər yoluxucu xəstəliyin özünəməxsus daşıyıcısı var:

"Malyariya ayrı növ ağcaqanadla ötürülür, denge isə başqa, əsasən gündüz saatlarında daha aktiv olan xüsusi növ vasitəsilə yayılır. Bu xəstəlik insandan insana birbaşa keçmir. Yoluxma yalnız virus daşıyıcısı olan ağcaqanadın dişləməsi ilə baş verir. Ona görə də kütləvi və sürətli yayılma riski digər yoluxucu xəstəliklərlə müqayisədə daha aşağıdır. Buna görə güclü epidemiya gözləmək düzgün olmaz”.

Rasif Bağırov qeyd edib ki, ağcaqanadlar Bakıda da mövcuddur, lakin denge virusunu daşıyan konkret növün geniş yayılması məsələsi ayrıca araşdırılmalıdır:

"İranda yoluxma halları qeydə alınsa da, xəstəliyin lokal şəkildə nəzarətə götürülməsi mümkündür. Xəstəlik insandan insana keçmədiyi üçün vaxtında tədbir görüldükdə yayılmanın qarşısını almaq mümkündür. Ağırlaşma olmadığı hallarda xəstəlik adətən bir həftə ərzində sağalma ilə nəticələnir və düzgün nəzarət şəraitində ciddi təhlükə yaratmır".

Ekspert xəstəliyin klinik əlamətlərinə də toxunub. Bildirib ki, denge qızdırması zamanı xəstələrdə yüksək hərarət (bəzən 40 dərəcəyə qədər), güclü əzələ, sümük və oynaq ağrıları müşahidə olunur. Xəstəliyin spesifik müalicə üsulu yoxdur, əsasən simptomatik müalicə tətbiq edilir:

“Hansı orqanda problem yaranırsa, müalicə ona uyğun aparılır. Temperatur olduqda hərarətsalıcı vasitələrdən istifadə edilir. Lakin bəzi qeyri-steroid iltihabəleyhinə preparatların qəbulu məsləhət görülmür. Çünki bu dərmanlar trombositlərin azalmasına və qanaxma meylinin artmasına səbəb ola bilər. Ağırlaşma hallarında trombosit səviyyəsi aşağı düşə və nəticədə burun, diş əti qanaxmaları, qusma zamanı qan izləri kimi əlamətlər ortaya çıxa bilər. Bu zaman laborator nəzarət və uyğun tibbi müdaxilə vacibdir".

Səhiyyə Nazirliyi Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən sorğumuza cavab olaraq bildirib ki, hazırda Azərbaycanda denge qızdırmasına yoluxma halı qeydə alınmayıb:

"Hazırda ölkədə epidemioloji vəziyyət sabitdir və tam nəzarət altındadır. Qonşu ölkələrdən xəstəliyin ölkəmizə keçmə riski ilə bağlı narahatlığa əsas verən hər hansı faktor yoxdur".

"Mərkəzin mütəxəssisləri tərəfindən xəstəliyə nəzarət və onun qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür. Xəstəliyin əlamətləri olan şəxslər aşkar edilərsə, onların laborator müayinələrinin aparılması üçün mərkəzdə bütün lazımi imkanlar mövcuddur. Eyni zamanda, xəstəliyin keçiriciləri olan ağcaqanadlar üzərində mütəmadi monitorinqlər aparılır. Əhaliyə tövsiyə edilir ki, rəsmi məlumatlara istinad etsinlər və yalnız səhiyyə qurumlarının açıqlamalarını nəzərə alsınlar", - deyə qeyd edilib.