Şok statistika: 40 milyon insan bu ölümcül virusu daşıyır
Sağlamlıq
Birləşmiş Millətlər Təşkilatı (BMT) Ümumdünya QİÇS-lə Mübarizə Gününün bu ilki mövzusunu “QİÇS-lə mübarizənin dəyişdirilməsi” olaraq müəyyənləşdirib.
News24.az xəbər verir ki, təşkilat maliyyə çatışmazlığı səbəbindən yaranan fasilələrin qlobal mübarizədə bərabərsizliyi daha da dərinləşdirdiyini bildirir.
Dekabrın 1-i İİV-ə yoluxmuş insanlara dəstək göstərmək və QİÇS səbəbindən həyatını itirənləri anmaq məqsədilə Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd olunur. QİÇS-ə səbəb olan HİV virusu immunitet sistemini zəiflədərək insanı müxtəlif infeksiyalara və ağır xəstəliklərə qarşı həssas vəziyyətə salır.
UNAIDS-in 2024-cü il hesabatına görə, dünyada 40,8 milyon insan HİV daşıyıcısıdır. Onların təxminən 31,6 milyonu müalicəyə çıxış əldə edə bilir, 9,2 milyon isə effektiv müalicədən məhrumdur. Eyni ildə təxminən 1,3 milyon yeni yoluxma qeydə alınıb, 630 min nəfər isə QİÇS səbəbindən həyatını itirib.
Hesabatda həmçinin qeyd edilir ki, 2010–2024-cü illər arasında HİV-in qarşısının alınması və müalicəyə çıxış sayəsində yeni yoluxmalar 40%, QİÇS ilə əlaqəli ölümlər isə 54% azalıb.
BMT vurğulayır ki, maliyyə çatışmazlığı, xüsusilə aşağı və orta gəlirli ölkələrdə, virusla mübarizə üzrə ictimai xidmətlərdə fasilələr yaradıb. Qlobal səhiyyə yardımının 2023-cü illə müqayisədə 30–40 faiz azalması həmin ölkələrdə səhiyyə xidmətlərinin ciddi şəkildə pozulmasına səbəb ola bilər.