Türkəçarə üsullar bizi viruslardan qoruya bilərmi? - Tanınmış terapevt açıqladı
Sağlamlıq
Ötən günlərdə Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi əhaliyə qrip virusları ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, bayram günlərində həm böyüklərin, həm də uşaqların istirahət və əyləncə mərkəzlərində kütləvi şəkildə toplaşması qrip infeksiyasına yoluxma riskini artırır.
Eyni zamanda, bəzi şəxslər qrip zamanı dərman preparatlarından çəkinərək türkəçarə üsullara üstünlük verirlər. Bu isə sual doğurur: Türkəçarə müalicə üsulları qrip zamanı nə dərəcədə effektivdir?
Mövzu ilə bağlı News24.az-a açıqlama verən tanınmış terapevt bildirib ki, viruslar insan orqanizmində yaşayan hüceyrələrdir:
"Viruslar insan orqanizmində öz işini bakteriyalara ötürərək xəstə də narahatlıq törətməyə səbəb olur. Oyanmış bakteriyaları mütləq öldürmək lazımdır ki, xəstə onlardan xilas olub özünü sağalda bilsin. Əks-halda həmin bakteriyalar insan orqanizmində ciddi fəsadlar törədə bilər".
"Sözün düzü türkəçarə üsullarına inanmıram və xəstələrə məsləhət görmürəm. Xəstənin həkimə müraciət edib dərman preparatları qəbul etməsi məsləhət görülür. Türkəçarə üsullarla xəstəliyi aradan qaldırmaq olduqca çətindir. Xəstə təmiz havaya çıxaraq, daha sağlam qidalanaraq immunitetini gücləndirə bilər, lakin müalicə almaq mütləqdir. Çox vaxt isə xəstəliyin fəsadları qalır və daha sonra müalicə etmək çətin vəziyyətə gəlir", - deyə terapevt qeyd edib.