Uşaq qidası seçimi həyati əhəmiyyət daşıyır – Ekspertlərdən əsas tövsiyələr
Sağlamlıq
Son günlər Avropa ölkələri və Türkiyədə geniş istifadə olunan “Aptamil” markalı uşaq qidalarının bəzi partiyalarında sağlamlıq üçün təhlükə yarada biləcək maddələrin aşkarlanması valideynlər arasında ciddi narahatlıq doğurub. Məlumatlara əsasən, geri çağırılan məhsulların tərkibində Bacillus cereus bakteriyasının ifraz etdiyi, istiliyədavamlı toksin – serulid müəyyən edilib. Bildirilir ki, bu maddə yüksək temperaturun təsirinə baxmayaraq tam zərərsizləşmir və xüsusilə körpələr və azyaşlı uşaqlar üçün ciddi sağlamlıq riski yarada bilər.
Bəs serulid maddəsinin qida vasitəsilə orqanizmə daxil olması uşaqlarda hansı fəsadlara səbəb ola bilər? Bu məhsul Azərbarbaycana idxal olunurmu?
Bu barədə News24.az-a açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova qeyd edib ki, uşaqlar yüksək risk qrupuna aid olduqları üçün onlar üçün alınan qidalar mütləq şəkildə dövlət nəzarətindən keçmiş, keyfiyyətli və təhlükəsiz məhsullar olmalıdır:
“Son günlər uşaq qidalarında aşkarlanan serulid adlı toksik maddə ilə bağlı narahatlıq yaranıb. Bu maddə təbii ki, zəhərlidir və sağlamlıq üçün ciddi risk yaradır.
İstiliyədavamlı olduğuna görə uşaq qidaları hazırlanarkən suyun temperaturu mütləq 70°C-dən yuxarı olmalıdır. Çünki bəzi hallarda toksin yüksək temperaturda qaynadılmasına baxmayaraq tam məhv olmaya bilər. Bu maddə uşaqlarda ağır zəhərlənmələrə səbəb ola bilər.
Davamlı istifadə zamanı güclü qusma, ishal, ürəkbulanma və nəticədə orqanizmin susuzlaşması baş verə bilər. Körpələrdə susuzlaşma çox kəskin və təhlükəli nəticələrə gətirib çıxara bilər. Bundan əlavə, toksinin təsiri nəticəsində qaraciyər və böyrəklər zədələnə bilər. Körpələrdə daxili orqanlar tam inkişaf etmədiyinə görə bu hallar daha ağır fəsadlarla nəticələnə bilər. Qaraciyər çatışmazlığı, böyrək funksiyasının pozulması, sidik ifrazının azalması kimi ciddi problemlər yarana bilər. Eyni zamanda, immun sisteminin zəifləməsinə də təsir göstərə bilər”.
Mütəxəssisin sözlərinə görə, bu səbəbdən sözügedən maddə uşaq qidalarında qadağan olunmuş hesab edilir:
“Əgər hər hansı məhsul geri çağırılıbsa və ya müəyyən partiya nömrələri, istehsal tarixi və istifadə müddəti ilə bağlı xəbərdarlıq edilibsə, evdə olan məhsullar mütləq yoxlanılmalıdır. Həmin məhsullar varsa, onların istifadəsi tövsiyə edilmir.
Xüsusilə xarici ölkələrdən səyahət zamanı alınan və ya onlayn sifariş edilən uşaq qidalarına diqqət yetirilməlidir. Dövlət nəzarətindən keçməyən məhsullarla bağlı problem yarandıqda şikayət etmək və məsul qurum tapmaq çətin ola bilər.
Bundan əlavə, qidaların saxlanma şəraitinə də ciddi əməl olunmalıdır. İstifadə müddəti uzun göstərilsə belə, məhsul açıldıqdan sonra qısa müddətdə istifadə edilməli, ağzı möhkəm bağlanmalı və sərin yerdə, lazım gəldikdə isə soyuducuda saxlanılmalıdır”.
Mövzu ilə bağlı sorğumuza cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, sözügedən məhsul partiyaları ölkəmizə idxal olunmayıb: “Agentlik ölkəmizə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirlərini davam etdirir”.