ÜST hərəkətə KEÇDİ: Həyəcan təbili çalınır
Sağlamlıq
Avropada kruiz gəmisində qeydə alınan hantavirus halları beynəlxalq səhiyyə qurumlarının diqqətini cəlb edib. “MV Hondius” gəmisində aşkarlanan yoluxmalardan sonra sərnişinlərin tibbi nəzarətə götürüldüyü, bəzi ölkələrin isə profilaktik tədbirləri gücləndirdiyi bildirilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, kruiz gəmisində baş verən hantavirus yoluxmaları nəticəsində ümumilikdə 8 nəfərdə infeksiya aşkarlanıb, onlardan 5-i laborator analizlə təsdiqlənib. Virus səbəbindən 3 nəfərin öldüyü bildirilib.
Hantavirusun təhlükəlilik dərəcəsi və yayılma riski ilə bağlı News24.az-a danışan infeksionist Vasif Əliyev bildirib ki, hantavirus əsasən gəmiricilərdən insanlara keçən təhlükəli virus infeksiyasıdır və iki əsas qrupa bölünür:
“Yeni dünya hantavirusları əsasən Amerika qitəsində yayılıb və daha çox ağciyər zədələnmələri ilə müşahidə olunur. Bu qrupa “Andes”, “Sin Nombre” və “Laguna Negra” kimi ştamlar daxildir. Köhnə dünya hantavirusları isə Avropa və Asiyada rast gəlinir, əsasən böyrək çatışmazlığı və qan dəyişiklikləri ilə özünü göstərir. Bu qrupa “Hantaan”, “Puumala”, “Dobrava-Belqrad” və “Seoul” ştammları aid edilir”.
V. Əliyevin sözlərinə görə, kruiz gəmisində aşkarlanan virus “Andes” ştammıdır və bu növ daha çox Argentina və Çilidə yayılıb:
“İlkin yoluxmanın gəmidə qeydə alındığı bildirilir. Gəmi Argentinadan Afrikaya doğru hərəkət edib və yoluxmaların həmin marşrut zamanı baş verdiyi ehtimal olunur. Hazırda 8 nəfərdə yoluxma aşkarlanıb, onlardan bir qismi laborator olaraq təsdiqlənib. Üç nəfər həyatını itirib, bir nəfər isə reanimasiyadadır. Virus gəmiricilərlə təmas, onların ifrazatları, dişləməsi və ya hava-damcı yolu ilə keçə bilər. Xəstəliyin inkubasiya dövrü 4 gündən 17 günə qədər davam edir və ağır hallarda ciddi tənəffüs çatışmazlığı yarada bilər”.
Həkim qeyd edib ki, hantavirusa qarşı spesifik antiviral müalicə mövcud deyil:
“Əsas qorunma yolu gigiyena qaydalarına əməl etmək və riskli bölgələrdə gəmiricilərlə təmasdan uzaq durmaqdır. Azərbaycanda hazırda bu virus qeydə alınmayıb. Lakin vətəndaşlar xarici ölkələrə, xüsusilə epidemioloji risk olan ərazilərə səfər edərkən diqqətli olmalı və həmin bölgələrdəki vəziyyəti əvvəlcədən araşdırmalıdırlar”.