Uzunmüddətli antibiotik istifadəsi qan azlığına səbəb ola bilər - Xəbərdarlıq
Sağlamlıq
"Uzun müddət antibiotik qəbulu bəzi hallarda qan azlığına (anemiya) səbəb ola bilər".
News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, bəzi antibiotiklər birbaşa qanyaradıcı sistemə təsir edir:
"Məsələn, “levomisetin” antibiotiki aplastik anemiya zamanı qan yaranmasının tam dayanmasına səbəb olaraq ağır nəticələrə gətirib çıxara bilər. Bu xüsusiyyət bəzi antibiotiklərə məxsusdur və belə dərmanlardan istifadə edən xəstələr həkim nəzarətində olmalı, müəyyən intervallarla qan göstəriciləri yoxlanmalıdır".
Mütəxəssis əlavə edib ki, digər tərəfdən, bəzi dərmanlar qan hüceyrələrinin parçalanmasına səbəb ola bilər:
"Bu proses təbii şəkildə qan hüceyrələrinin azalmasına gətirib çıxarır ki, nəticədə anemiya yarana bilər".
Onun sözlərinə görə, uzunmüddətli antibiotik istifadəsi bağırsaq mikroflorasını pozaraq bəzi vitaminlərin sintezinin azalmasına da səbəb olur:
"Fol turşusu, B12 və K vitamini qan yaranmasında mühüm rol oynayır. Bu vitaminlərin çatışmazlığı qanın əmələ gəlməsini zəiflədərək anemiya riskini artırır".