Valideynləri qorxudan mənzərə: Uşaqlar bir həftə sağlam, növbəti həftə xəstə – səbəb nədir?

Valideynləri qorxudan mənzərə: Uşaqlar bir həftə sağlam, növbəti həftə xəstə – səbəb nədir? Sağlamlıq

Qış mövsümündə uşaqlar arasında boğaz və qulaq ağrıları daha geniş yayılır. Son dövrlərdə isə bu tip şikayətlərin azyaşlı uşaqlarda əvvəlki illərlə müqayisədə daha tez-tez müşahidə olunduğu bildirilir. Valideynlərin sözlərinə görə, uşaqlar qısa müddət sağlam olduqdan sonra növbəti həftə yenidən boğaz və ya qulaq ağrısı ilə üzləşirlər. Bəzi hallarda xəstəlik qızdırma ilə müşahidə olunsa da, bəzən hərarətsiz keçir. Eyni zamanda, burun-boğaz əti (adenoid) problemlərinin artması da diqqət çəkir.

Bu vəziyyət valideynlərdə narahatlıq yaradır. Uşaqlarda burun-boğaz ətinin olması davamlı boğaz ağrısı və qızdırmaya səbəb ola bilərmi? Yoxsa bu əlamətlər uşaqlar arasında yayılan mövsümi virus infeksiyalarının göstəricisidir?

Mövzu ilə bağlı News24.az-a açıqlama verən pediatr Qoşqar İsmayılov bildirib ki, qış aylarında uşaqlar arasında ən çox rast gəlinən infeksiyalar virus mənşəlidir və xüsusilə influenza A virusu geniş yayılıb:

"Bu virus əsasən qripə xas simptomlarla — 40 dərəcəyə qədər yüksələn hərarət, burun axması ilə başlayır. Sonrakı mərhələdə öskürək, halsızlıq və baş ağrıları meydana çıxır. Vaxtında müalicə olunmadıqda isə kəskin bronxit və pnevmoniya kimi ağırlaşmalar yarana bilər".

Mütəxəssis valideynlərə tövsiyə edib ki, uşaqlarda bu əlamətlər müşahidə edildikdə mütləq həkimə müraciət etsinlər:

"Boğaz ətinin şişməsi, yəni angina həm virus, həm də bakterial mənşəli ola bilər".