Xərçəng xəstələrinə xoş xəbər – İlk nəticələr açıqlandı
Sağlamlıq
Türkiyədə tətbiqinə başlanılan CAR-T hüceyrə müalicəsinin ilkin nəticələri müsbət qiymətləndirilir.
News24.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə İnstitutlarının (TÜSEB) rəhbəri Prof. Dr. Ümit Kervan məlumat verib. Onun sözlərinə görə, müalicə alan xəstələrdə xərçəng yükünün azalması və şiş yayılmasının geriləməsi müşahidə olunur.
Kervan bildirib ki, CAR-T immunoterapiya üsulu xəstədən götürülən hüceyrələrin xüsusi proseslərdən keçirilərək yenidən orqanizmə yeridilməsi prinsipinə əsaslanır. Bu proses nəticəsində hüceyrələrə xərçənglə mübarizə qabiliyyəti qazandırılır.
Qeyd olunub ki, hazırda bu üsul əsasən hematoloji xərçənglərin müalicəsində tətbiq edilir. Türkiyədə müalicə Etlik Şəhər Xəstəxanası nəzdində yaradılmış və beynəlxalq standartlara cavab verən laboratoriyada həyata keçirilir. Bu mərkəz dövlət sektorunda qeydiyyata alınmış ilk belə qurumdur.
Məlumata görə, indiyədək təxminən 12 xəstəyə CAR-T müalicəsi tətbiq olunub, 3 xəstə isə hazırlıq mərhələsindədir. Yaxın vaxtlarda daha bir xəstənin müalicəyə cəlb olunması planlaşdırılır.
Rəsmi açıqlamada bildirilib ki, müalicə alan bütün xəstələrdə müsbət dinamika müşahidə olunur və onlar həyatlarını davam etdirirlər.
Kervan əlavə edib ki, əsas məqsəd CAR-T texnologiyasının ölkə daxilində istehsalını təmin etmək və bu bahalı müalicəni yerli imkanlarla əlçatan etməkdir. Həmçinin bu üsulun gələcəkdə digər xəstəliklərin müalicəsində tətbiqi istiqamətində araşdırmalar davam etdirilir. (sabah.com)
Nilufər