Yemək masanızdakı bu təhlükə böyrəklərinizi məhv edir
Sağlamlıq
Mütəxəssislər qidalanma vərdişlərinin böyrək daşı riskinə ciddi təsir etdiyini bildirib.
News24.az xəbər verir ki, bu barədə "Medicana International" Samsun Xəstəxanasının həkimi urologiya mütəxəssisi, professor Mustafa Suat Bolat bildirib. O qeyd edib ki, həddindən artıq protein qəbulu və duzla zəngin qidalanma böyrək daşı yaranmasının əsas səbəblərindəndir.
Mütəxəssisin sözlərinə görə, sidik sistemi daşı xəstəliyi həm dünyada, həm də cəmiyyətdə geniş yayılıb və orta hesabla əhalinin 11–15 faizində müşahidə olunur. O vurğulayıb ki, xəstəliyin yaranmasında genetik meyl də mühüm rol oynayır. Ailəsində böyrək daşı olan şəxslərdə risk daha yüksək olur və xəstəlik təkrarlana bilər.
Professor bildirib ki, daşlar ilkin mərhələdə sidik sistemində kiçik kristallar şəklində formalaşır, zamanla böyüyərək daş halına gəlir. Bəzi hallarda isə bu daşlar iri ölçüyə çataraq böyrəyin böyük hissəsini tuta bilir.
Qeyd olunub ki, böyrək daşları sidik axınına mane olmadığı müddətdə simptomsuz keçə bilər. Lakin kanal tıxandıqda güclü ağrı, ürəkbulanma, qusma və infeksiya kimi ağır fəsadlar yarana bilər. Bu hallar bəzi vəziyyətlərdə həyati təhlükə də yarada bilər.