Yeni nevroloji xəstəlik kəşf edildi – Cəmi 13 nəfərdə aşkarlanıb
Sağlamlıq
İspaniyanın Barselona şəhərində yerləşən Bellvitge Biomedical Araşdırmalar İnstitutunun alimləri dünyada nadir rast gəlinən yeni nevroloji xəstəliyi müəyyən ediblər.
News24.az xəbər verir ki, bu xəstəlik indiyədək cəmi 13 nəfərdə aşkarlanıb. Araşdırmada Türkiyədən olan alimlər də iştirak ediblər.
Tədqiqatçılar bildiriblər ki, xəstəlik genom analizləri və yeni hesablama alqoritmləri vasitəsilə müəyyən edilib. Yeni xəstəlik beynin ağ maddəsini zədələyir, xəstələrdə yerimə çətinliyi, idrak və inkişaf pozuntuları, eləcə də üz deformasiya əlamətləri müşahidə olunur.
İnstitutun Nevrometabolizm şöbəsinin direktoru Aurora Pujol qeyd edib ki, bu kəşf diaqnostika sahəsində mühüm addımdır, lakin müalicə üçün hələ uzun yol qət edilməlidir.
Mütəxəssislərin fikrincə, yaxın illərdə bu xəstəliyin daha çox insanda aşkarlanacağı gözlənilir. Tədqiqatda İspaniya, Türkiyə, ABŞ, İtaliya, Almaniya, İngiltərə, İran, Finlandiya, Estoniya və Pakistan alimləri iştirak edib.