Yuxusuz gecənin orqanizmimizə zərəri açıqlandı

Yuxusuz gecənin orqanizmimizə zərəri açıqlandı Sağlamlıq

Bir gecə yuxusuz qalmaq aclıq hissini gücləndirə, həmçinin yağlı və yüksək kalorili qidalara meyli artıra bilər.

News24.az xəbər verir ki, bu barədə Kolumbiya Universitetinin tədqiqatçısı və Kataloniya Açıq Universitetinin professoru, həkim Diana Dias Ritszolo açıqlamasında bildirib.

O qeyd edib ki, rasionda bu cür qidaların çox olması isə öz növbəsində yuxu problemlərini yenidən yaradır.

Mütəxəssisin sözlərinə görə, yuxusuzluq qanda qlükoza səviyyəsinin tənzimlənməsini, həmçinin toxluq və iştahı idarə edən leptin və qrelin hormonlarını pozur.

Leptinin səviyyəsi yüksək olduqda beyin doyma siqnalı alır, bu da iştahın azalmasına və maddələr mübadiləsinin sürətlənməsinə səbəb olur. Qrelin isə leptinin əksi olaraq “aclıq hormonu” sayılır və onun aktivliyi qida qəbuluna təkan verir.

Yuxusuzluq zamanı orqanizm adətən daha çox qrelin və daha az leptin ifraz edir. Bu dəyişikliklər yuxusuz gecədən sonra təxminən bir sutka ərzində davam edə bilər.

Nəticədə insan daha güclü aclıq hiss edir və daha çox yüksək kalorili qidalara meyllənir.

“Pis yuxudan sonra orqanizm həm də emosional yorğunluq yaşayır və tez həzz verən mənbələr axtarır. Əksər hallarda bu, şəkər və yağ tərkibi yüksək olan qidalardır. Buna görə də yuxusuz qalan insanlar daha çox şirin və yağlı qidalara üstünlük verirlər”, — deyə həkim izah edib.