"Məni görəndə deməsinlər ki, ”gic-gic şeylərə baxma, söndür onu” - SAMİRƏ ƏFƏNDİ
    • 17-01-2020, 15:07
    • 8 365

"Məni görəndə deməsinlər ki, ”gic-gic şeylərə baxma, söndür onu” - SAMİRƏ ƏFƏNDİ

Hər kəs onu ilk “Səs Azərbaycan” layihəsindən tanıyıb. Mülayım, gülümsəyən və haqqında yalnız sənəti ilə danışılmasını istəyən Samirə Əfəndi. Hərçənd, müsahibəmizdə şəxsi həyatı ilə bağlı bəzi maraqlı məqamları da dilindən aldıq. Söhbətimizdə Samirənin həm sənətinin, həm də şəxsi həyatının “Qış nağılı”ndan danışdıq.

Samirə Əfəndinin News24.az-a müsahibəsi:
 
- Aktrisa kimi özünüzü ilk olaraq “Qış nağılı”nda sınadınız. İlk təcrübə necə keçdi? 

- Bu filmdə çəkilməyi mənə ekran işinin rejissoru Cəfər Axundzadə təklif edib. Böyük məmnuniyyətlə qəbul elədim. Çünki hər zaman bir kinoda çəkilməyi arzu edirdim. İnanın ki, dadı damağımda qaldı. Bundan sonra daha da böyük layihələrdə və iriçaplı rollarda çəkilmək istəyirəm. Bu filmdən sonra bir-iki təklif aldım, amma bəzi məqamlara görə qəbul eləmədim. Sevinirəm ki, ilk təcrübəm məhz bu filmdə oldu. Düzü, ikinci hissəyə hələ ki, baxmamışam, amma birincini bəyəndim. Orda Gülər obrazını canlandırmışam. Filmdə Gülər oğlanı məcbur edir ki, onunla evlənsin. Çünki artıq 10 ildir bunu gözləyir. Həyatda bunu edə bilərəmmi, bilmirəm (gülür). Növbəti dəfə melodram janrında ərsəyə gələn filmdə çəkilmək istəyərdim.  
 - Filmdə tərəf - müqabiliniz Kəmalə Piriyeva bu günlərdə sosial şəbəkədə filmdən müəyyən kadrlar paylaşmışdı. Görüntülərdə onun dizləri param-parça idi. Amma siz, şikayətçi deyilsiniz, deyəsən? 

- Həmin səhnə çəkiləndə ikimiz də ciddi zədələr aldıq. Çünki İslam çox ağırdır, orda isə onu sürümək lazım idi. Düzdür, mənim vəziyyətim Kəmalədəki qədər qorxunc deyildi, amma mən də yetərli qədər xəsarət almışdım. Amma o görüntünü paylaşmaq ağlıma gəlməyib. Kəmalənin həyata baxışı məndən çox fərqlidir. O, çox pozitiv, hər məqamda ovqatını yaxşı saxlamağı bacaran xanımdır. Onu çox sevirəm. 

 - Belə görürəm, siz də bəzi həmkarlarınız kimi müğənni – aktrisa kimi populyar olmağa can atanlardansınız? 

- Öncə onu deyim ki, filmdə rol alan insanın qabında da nəsə olmalıdır. Əgər müğənni aktrisalığı da bacarırsa, niyə də olmasın? Məsələn, Cenifer Lopez , o, müğənniliklə kifayətlənmir. Həm rəqs edir, həm də filmlərdə rol alır. Buna normal baxıram. Niyə də yox? Mən demirəm, güclü aktrisayam, ya da bu sahə üzrə təhsil almışam, amma bacardığımın ən yaxşısını etməyə çalışıram. Mən ifaçı-müğənni Samirə Əfəndiyəm. Amma bunun yanında istəyirəm ki, aktrisalığım da qeyd olunsun. Yəni müğənni-aktrisa. Baxın, vaxtıilə aparıcılıq da eləmişəm. Təcrübəli insanlarla müştərək çalışmışam və düşünürəm ki, nəticə pis olmadı. Yaradıcı partfoliyam böyüyür. İncəsənətin hər sahəsində özümü sınayacam.  

 -Amma Əməkdar artist Kəmalə Müzəffərsə bunun əksini deyir. O, aktrisa müğənnilərə “hər kəs öz işiylə məşğul olsa, yaxşıdır” deyə mesaj da yollayıb... 

 - Əsas nəticədir. Əgər, film kinoteatrları doldurursa, izlənilirsə, deməli, vəziyyət yaxşıdır. Şəxsən mən öz ünvanıma ancaq gözəl fikirlər eşidirəm. Bu da mənə həvəs verir. “Qış nağılı”na baxanda səhvlərimi görürəm və növbəti filmlərdə bu səhvləri təkrarlamamaq üçün çalışıram. Çünki insan onların üzərində çalışır. Bəlkə də kənardan bu kiməsə asan gəlir, amma heç də elə deyil.  

 - “Azərbaycan səsi” olmaq Samirə Əfəndiyə nə verdi? 

 - Tanınmaq. Düzdür, bu layihədən öncə də bir çox böyük layihələrdə iştirak etmişəm, amma məhz “Səs Azərbaycan” məni bir ifaçı, səsi olan gənc müğənni kimi tanıtdı. Mən dörd yaşımdan bu xəmirin içində yoğrulmuşam.  

 - Dörd yaşınızdan musiqidəsiniz. Bəs, müğənni kimi hazırkı yerinizdən razısınız? 

- Xeyr. Mən ancaq sənətimlə gündəmdə olmaq istəyirəm yəqin ona görə də, düzgün yerdə deyiləm. Gərək, ifaçını ailədə hər kəs dinləyə bilsin. Elə olmasın ki, mənim ifam televiziyada səslənəndə ailə üzvlərindən biri desin ki, “bu nədir, gic-gic şeylərə baxmayın, söndürün onu”. Bir günlük yox, əbədi gündəmdə olmaq istəyirəm, amma sənətimlə. İnanınki bir günlük gündəmə gəlmək, elə də çətin deyil puluna minnət, amma istəmirəm.  
- Son zamanlar əksəriyyət bayağı mahnılardan şikayətlənir. Bəs, siz,  hamının tanıması üçün bu cür mahnılar oxuyursunuz? 

- Məsələn, 6/8 ritmdə mahnılar oxuyuram, çünki buna məcburam. Toylarda ən çox belə ifalar tələb olunur. İstəməzdim ki, hər şey bir janrda olsun. Həm onu oxuyuram, həm də bunu. Amma məsələn, “meyxana” tipli mahnım yoxdur.  Heç bilmirəm, məndə bu alınarmı? Onu təsəvvür edə bilmirəm.  

- Toylara da gedirsiz?  

- Hə. Ən çoxu yarım saatlıq. "Can-cana" mahnısını bilirəm, oxumuşam da, amma toy repertuarım başqadır. 
 
- Son zamanlar hər kəsdə bir trendə düşmək sevdası yaranıb. Siz də buna can atırsız? 

- Səmimi deyirəm, inanın ki, trendə düşmək üçün mən də çalışıb vuruşaram, amma alınmır ki, alınmır...(gülür) Əsas odur ki, mahnım trendə düşsün. 
 
- Bizim “trendlər”ə Damla, Şəbnəm Tovuzlu, Vəfa Şərifova liderlik edir, amma dünyada isə bu yerdə öndə gedənlər  peşəkar müğənnilərdir...   

- Yəqin bizimkilər düzgün adamdan “örnək” götürmürlər. Pis şeyi götürüb yaxşını unutmaq olmaz.  

 - Qazaxstanda, Ukraynada konsert vermisiz. Deyəsən, sizi Azərbaycandan kənarda sevənlər daha çoxdur...  

 - Haqlısız. Çünki xaricdəki insanlar üçün əlçatmazam. İnanın ki, sosial şəbəkədə mənə dəfələrlə xaricdən “playlistlərinin screenlərini” göndəriblər.  Bir dəfə xaricdə olanda restoranda yemək yeyirdim ofisiant məni tanıdı.  Yaxınlaşıb  “Siz “Formula-1” yarışında trassda himn oxuyan xanımsınız” dedi. Amma burda münasibət başqa cürdür. Tanısalar belə, yaxınlaşmırlar. Məni ulduz kimi qəbul etmirlər. Görəsən, bunun üçün nə etməliyəm?! Mənim məqsədim və istəklərim böyükdür. Özümü dünya bazarında, dünyaca məşhur ulduzların arasında görürəm. Təklif gəlsə, gedərəm. Gedəndən sonra, baxın Samirə Əfəndiyə, görün nələr edir. Mən bu yaxınlarda bir mahnı çıxardım, inanın ki, ikinci elə bir ifa ola bilməz. Həyatı boyu heç kim onu mənim kimi oxuya bilməz.  

 - Deyəsən,  “Eurovision” ovqatındasınız... 

 - Hə. Özümü sınayacam. Nəticələr ayın axırı bilinəcək. Seçimlərdə hər kəs olub, eynilə də mən. Keçsəm, düşünürəm ki, ölkəmizi orda layiqli şəkildə təmsil edəcəm. İçimdəki arzuma, bacarığıma inanıram. Çox iddialıyam. “Qoc” bürcündənəm ,ona görə də liderliyi sevirəm. İkinci, üçüncü yerdə yox, məhz qalib kürsüsündə əyləşməliyəm. Əsas odur ki, müsabiqədən sonra dayanmayasan və bəzi iştirakçilarımız kimi depressiyaya düşməyəsən. Çünki onlar o cür əhatəli yarışmaya gedib qayğı görür, sonra isə bura qayıdanda, o diqqəti görməyəndən  pis olurlar. Elə olmaz. Əgər sizi ora göndəriblərsə, deməli qabınızda nəsə var, fərqlisiniz.  

 - Getsəniz, “köhnə hamam, köhnə tas” prinsipi ilə xaricilərlə çalışacaqsınız? 

- Nə desələr, o da olacaq. Amma mənim fikirimi soruşsalar, yəqin özümüzünkiləri seçərəm.  

- Bu qədər sənətinizə aşiqsiniz. Gələcək həyat yoldaşınız sizi ailə- sənət seçimi eləmək məcburiyyətində qoysa, hansı addımı atarcaqsınız? 
 
 - Bilmirəm. Heç vaxt, heç vaxt demə. Məncə elə adam seçərəm ki, o sənətimə hörmət edib bu addımı atmağımı istəməyəcək. Əksinə, gərək o insan mənə dəstək olsun, çünki gözəl iş görürəm. Pissliyi təbliğ eləmirəm. Amma inan ki, sevgi olmasa, oxuya bilmərəm. Mən hər kəsi sevirəm. İşimi, ailəmi, insanları, sənətimi, dostlarımı, itimi. 

- Uşaq Evlərində tez-tez çıxış edirsiniz. Görünür, uşaqları çox sevirsiniz. Ana olmaq istəyirsiniz? 

- Təəbii ki..  Məncə bu, bütün xanımların arzusudur. Bacım uşaqlarını tez-tez yanımda qoyur, onlarla vaxt keçirməyi çox sevirəm. Hər zaman böyük ailəm olmasını istəmişəm. Nə qədər çox uşaq olsa, bir o qədər yaxşıdır.  

 - Ev işləri ilə məşğul olursunuz? 

 - Bəli. Evləri mən yığışdırıram, anam isə yemək bişirir. Məsələn, bu gün bura gəlməmişdən əvvəl anam dedi ki, “Evləri yığışdırmasan, müsahibə-filan yoxdur” (gülür) İtimi də özüm çimizdirirəm.  

 - Övlad, ailə deyirsiz. Amma həmkarlarınızın çoxu “Həci” sevgili peşindədirlər... 

-  (gülür) “Həci”? Mən özüm-özümün “həci”siyəm.  

- Sevgilinizin fotosunu rahatlıqla sosial şəbəkədə paylaşarsınız? 

- Bəlkə “story” bölməsində hə... Amma yox, yalan deyərəm, onu da eləmərəm. Şəxsi həyatımı ön planda olmasını istəmirəm. Nə sevgili? Evdən bayıra çıxıram ki?... Elə ona görə də “evdə qalmışam” da (gülür).  Mənə sənət maraqlıdır. Rəqabət istəyirəm. Bu dəqiqə gənc ifaçılar arasında rəqabət yoxdur. Rəqabət ancaq var -dövlətlədir.  

- Şou-biznesdə dostunuz var? 

 - Mənim ümumiyyətlə ətrafım çox balacadır. Məni çox az adam mikrafonsuz görüb. Bütün müğənnilərlə normal münasibətim, “salam-sağ ol”um, hörmətim var. Amma bütün günü onlarla gəzıb hardasa oturmuram. Mən xasiyyətcə insanlara çox inanam. İnanıram, və sonra da peşiman oluram. Müğənnilərlə məni ancaq sənət bağlayır. Amma belə şou-biznesdən ABD Maliklə ailəvi dostluğumuz var. Bu arada, o mənə həmişə deyir ki, sən normal həyatda idman ayaqqabısı geyinirsən, tədbirlərdə isə hündürdaban. Axı sən “kabluk”da gəzə bilmirsən. Mən rahatlığı sevirəm. Amma səhnə üçün hər əziyyətə dözərəm...
 
Müxbir: Sevda Bayramova
FOTO: Adil Ağayev