“Avroviziya 2026” qalmaqalı - Fitə basılan ifaçı, zaldan çıxarılan izləyicilər
Şou
Ötən gün Vyanada “Avroviziya 2026”-nın ilk yarımfinalı baş tutub.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, musiqi yarışmasın ilk yarımfınalı qalmaqallı keçib.
Şou siyasi etirazlar, texniki nasazlıqlar və tamaşaçı narazılığı ilə yadda qalıb.
“Wiener Stadthalle” səhnəsində finala çıxmaq üçün 15 ölkə mübarizə aparıb. Onların arasında İsveç, Xorvatiya və Finlandiya kimi favoritlər yer alıb. Lakin əsas diqqət İsrail təmsilçisi Noam Bettana yönəlib.
28 yaşlı müğənni finala yüksəldə də, çıxışına kəskin və ziddiyyyətli reaksiyalar olub.
Tamaşaçıların bir hissəsi onu alqışlayıb adını səsləndirsə də, digər hissə fit çalaraq İsrailə qarşı şüarlar səsləndirib. Qəzza münaqişəsi fonunda yarışma yenidən beynəlxalq siyasi mübahisələrin mərkəzinə çevrilib.
Bunun nəticəsində bəzi ölkələr, o cümlədən İrlandiya bu dəfəki müsabiqəni boykot edib.
Təşkilatçılar əvvəlcədən auditoriyanın reaksiyasını gizlətməyəcəklərini bildirdiklərinə görə, etirazlar canlı yayımda aydın eşidilib.
Daha sonra ORF və Avropa Yayım İttifaqı nümayəndələri qayda pozuntularına görə bir neçə tamaşaçının zaldan çıxarıldığını təsdiqləyib.
Axşamın problemləri bununla bitməyib. Yayımlama zamanı səslənmədə ciddi nasazlıqlar baş verib və bu da sosial şəbəkədə izləyicilərin böyük narazılığına səbəb olub.
Bəzi izləyicilər texniki problemlərin çıxışların təsirini azaltdığını və ədalətsiz görüntü yaratdığını bildirib.
Beləliklə, Avroviziya 2026 yarımfinalı musiqi bayramından çox, müasir dünyanın siyasi gərginliklərini və texniki problemlərini əks etdirən bir hadisəyə çevrilib.