Fanatı Dilarə Kazımovanın adını bədəninə yazdırdı - VİDEO
Şou
Müğənni Dilarə Kazımova fanat sevgisi ilə gündəmə gəlib. Azərbaycanda ilk dəfə yerli şou-biznes nümayəndəsinə olan sevgisini tatu ilə ifadə edən pərəstişkarın bu addımı həm sənətçini, həm də sosial şəbəkə istifadəçilərini təəccübləndirib.
Belə ki, Kamran adlı gənc fanat Dilarə Kazımovaya olan xüsusi rəğbətini nümayiş etdirmək məqsədilə müğənninin adının, soyadının baş hərflərini və doğum tarixini bədəninə döymə etdirib. Onun sözlərinə görə, bu addım sadəcə fanatlıq hissindən irəli gəlmir. Onun Dilarə Kazımovaya olan münasibəti pərəstişkar sevgisindən daha dərindir:
"Dilarə xanımı çox bəyənirəm. Mən onu sadəcə fanat kimi yox, daha dərin hisslərlə sevirəm. Səsi, sənəti, həyat tərzi, davranışı və xarakteri ilə xüsusi insandır. Buna görə ona olan sevgimi bu şəkildə ifadə etmək qərarına gəldim."
Fanatın bu addımı qısa zamanda müğənninin də diqqətini çəkib. O, etiraf edib ki, belə bir hadisə ilə qarşılaşacağını ağlına belə gətirməyib. Amma hər zaman onu sevən birinin, fanatının adını döymə etdirəcəyini xəyal edib. Bu arzusunun gerçəkləşməsi onu həm təəccübləndirib, həm də kövrəldib:
"Arzum idi ki, nə vaxtsa məni sevən biri və ya fanatım adımı döymə etdirsin. Çünki hər döymə insan üçün xüsusi məna daşıyır. Eşidəndə ki, fanatım ilk döyməsini mənimlə bağlı etdirib sevinc göz yaşlarımı saxlaya bilmədim."
Dilarə Kamranın bu addımını böyük sevgi və sədaqətin göstəricisi kimi qiymətləndirib və bu jestin onun üçün unudulmaz olacağını vurğulayıb.
Qeyd edək ki, dünya şou-biznesində məşhur ifaçıların adlarının, portretlərinin və ya onlarla bağlı simvolların fanatları tərəfindən tatu etdirilməsi geniş yayılmış ənənələrdən biridir.