ARB-dən NURAN-la bağlı AÇIQLAMA: “Heç bir qadağa yoxdur!
Şou
Müğənni Nuran ilə ARB TV arasında gərginlik yaranıb.
News24.az xəbər verir ki, sənətçi sözügedən telekanalın onun müsahibə və görüntülərini heç bir rəsmi səbəb göstərmədən efirə verilmədiyini idda edir. O, bu haqda mətbuat üçün açıqlama yayıb:
"Əziz dostlar, sənət fəaliyyətimə başladığım ilk gündən nə həmkarlarıma, nə dinləyicilərimə, nə də media nümayəndələrinə qarşı hörmətsizlik etmişəm. Həmişə keyfiyyətli işlərə fokuslanıb, musiqi və göz zövqünü korlamayan layihələrlə tamaşaçı qarşısına çıxmışam. Çox təəssüf ki, hər zaman dəvətlərinə və müsahibə təkliflərinə canla-başla razılıq verdiyim telekanallardan biri mənə qadağa qoyub. Özləri bunu təkzib etsələr də, son bir il ərzində vaxt ayırıb danışdığım heç bir müsahibə efirə verilməyib. Başa düşə bilmirəm, belə bir qadağa varsa, əməkdaşlarınıza da bildirin ki, hansısa tədbirdə üz-üzə gələndə mikrofon uzatmasınlar. Yoxdursa, sözügedən materiallar niyə yayımlanmayıb? Hər bir halda haqsız yerə verilən bu qərarı gözdən keçirəcəklərinə ümid edirəm. Peşəkar sənət üçün çalışmağın kifayət qədər çətin olduğu bir məqamda televiziyadan gördüyüm bu ögey münasibətin dəyişəcəyinə inanıram", – deyə müğənni qeyd edib.
Məsələ ilə bağlı ARB TV-yə sorğu ünvanladıq. Telekanaldan sorğumuza cavab olaraq bildirildi ki, söylənilən fikirlər həqiqəti əks etdirmir. Müğənninin çıxışlarına heç bir qadağa qoyulmayıb.