Öz bədənimə işgəncə vermişəm - Stallone
Şou
Dünya şöhrətli aktyor Silvestr Stallone “Rokki-3” filminin çəkilişləri zamanı bulimiyadan əziyyət çəkdiyini və fiziki formasını qorumaq üçün steroidlərdən istifadə etdiyini açıqlayıb.
News24.az xəbər verir ki, 80 yaşlı aktyor “The New York Times”a müsahibəsində bildirib ki, “Rokki” və “Rembo” obrazları üçün bədənini formaya salmaq istəyi zamanla ifrat aludəçiliyə çevrilib. Onun sözlərinə görə, “Rokki-3” çəkilərkən bədənindəki yağ faizi 2,6 faizə qədər enib.
Stallone həmin dövrdə yeməyi mədəsində saxlaya bilmədiyini, bəzən isə fiziki formasını itirmək qorxusundan bunu istəmədiyini deyib. Aktyor steroid istifadəsinin də səhhətinə ağır təsir göstərdiyini etiraf edib.
“Öz bədənimə işgəncə vermişəm”, – deyən Stallone indiyədək belindən doqquz, çiynindən iki əməliyyat keçirdiyini, boyun fəqərələrində isə üç dəfə birləşdirmə əməliyyatı aparıldığını bildirib.
Aktyor keçmişə qayıtmaq imkanı olsaydı, təhlükəli səhnələri özü yerinə yetirməyəcəyini və bu işi kaskadyorlara həvalə edəcəyini vurğulayıb.