“Sizi istəyirik, amma…” – Azər Axşamın etirafı müzakirə yaratdı
Şou
Teleaparıcı, aktyor və şoumen Azər Axşam açıqlaması ilə diqqət çəkib.
News24.az xəbər verir ki, sənətçi teatrdakı fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlərlə sosial şəbəkələrdə geniş müzakirə yaradıb. O, çalışmaq istədiyi teatrlardan birində yaşadığı vəziyyətdən danışıb.
Azər Axşam bildirib ki, uzun müddətdən sonra əvvəllər işlədiyi teatra üz tutub və yenidən səhnəyə qayıtmaq istədiyini dilə gətirib:
"Çox arxayın getdim ki, işə götürəcəklər. Dedim televiziyada olmağıma baxmayaraq teatr mənim həyatımdır, çox istəyərəm burada çalışım. Mənə yaxşı qulaq asdılar, dedilər ki, sizi çox istəyirik, amma ştatda yer yoxdur".
Şoumen bu cavabdan sonra məyus olduğunu gizlətməyib. O, gənclik illərində özünü təsdiqləmək üçün dəfələrlə teatr qapılarında gözlədiyini də xatırladıb:
"Bir qapıya dəfələrlə gedirdim, bezirdilər ki, yenə gəldi. İndi elə vaxtımdır ki, mənim yanıma məsləhət üçün gəlməlidirlər ki, bizə yol göstər. Mən hara gedim?"
Sənətçinin bu sözləri sosial mediada fərqli reaksiyalar doğurub. Bir çox izləyici onun teatrdan uzaq qalmasına təəssüfləndiyini bildirib, digərləri isə sənət adamlarına daha çox dəyər verilməsinin vacibliyini vurğulayıblar. (milli.az)