Azərbaycan ilə Özbəkistan arasında münasibətlər tarixi əsrlərə söykənir

Azərbaycan ilə Özbəkistan arasında münasibətlər tarixi əsrlərə söykənir Siyasət

"Prezident İlham Əliyev ötən il Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə bu çağırışı da etmişdir ki, türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da, qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq. Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlərin tarixi çox qədimdir. Səlcuqlar, Xarəzmşah, Əmir Teymurun, bütövlükdə Türküstan adlanan dövrdən formalaşan bu əlaqələr əsrdən-əsrə keçdikcə yeni mahiyyət və məzmun almışdır. Sovet İttifaqı dönəmində də hər iki xalq arasında sıx əməkdaşlıq əlaqələri mövcud idi. Ümummilli Lider Heydər Əliyev hər zaman özbək xalqına böyük sevgi ilə yanaşıb. 1970-ci ildə, o vaxt Azərbaycana rəhbərlik edən Ümummilli Liderlə Özbəkistanın rəhbəri Şərəf Rəşidov arasında yaranmış dostluq münasibətləri iki ölkə arasındakı əlaqələrin bugünkü inkişafının əsası olub. Ulu Öndər və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən 1996-cı ildə Bakıda imzalanmış «Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə»  etimad və hörmətə əsaslanan gələcək münasibətlərimizin yaranmasında mühüm rol oynayıb. Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də, tez-tez görüşürlər. Bu gün xalqlarımız arasında ikitərəfli əməkdaşlıq keyfiyyətcə yeni bir mərhələyə qədəm qoymuşdur. Avqustun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəmizə dövlət səfəri edib. Bu səfərin özəlliyi ondadır ki,  cənab Şavkat Mirziyoyev Prezident seçildikdən sonra ilk səfərini məhz  Azərbaycana etdi. Prezident İlham Əliyev və onun özbəkistanlı həmkarı Şavkat Mirziyoyev mətbuata bəyanatlarında bu mühüm məqamı xüsusi olaraq diqqətə çatdırdılar ki,  Azərbaycan və Özbəkistan  iki yaxın xalq, iki yaxın ölkədir. Dövlət başçılarının şəxsi münasibətləri əlaqələrin  yeni mərhələyə yüksəlməsini şərtləndirir".

News24.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Özbəkistan hər zaman keçmiş Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyib. Qeyd etməliyik ki, Özbəkistan, hələ, 2008-ci ilin martında BMT Baş Assambleyasında səsverməyə çıxarılmış «Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət» adlı qətnamənin lehinə səs verən yeganə Mərkəzi Asiya ölkəsi olub.  Zəfər Günümüzün Özbəkistanda geniş şəkildə qeyd edilməsi,  bizim sevincimizə şərik olduğunun nümayişi, əsl dostluq və qardaşlığın göstəricisdir.  2021-ci ilin noyabrında İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirmişdi. Artıq, bu istək reallığa çevrilib. Prezident İlham Əliyev  Şavkat Mirziyoyevin  şəxsi təşəbbüsü ilə Füzulidə tikilən və səfər çərçivəsində açılışı olan məktəbi Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsi kimi dəyərləndirdi. Bu, eyni zamanda,  qardaşlığın, həmrəyliyin, dəstəyin nümunəsi kimi qeyd olundu. Dövlət başçımız belə bir əminliyi də ifadə etdi ki,  bu, təkcə təhsil ocağı deyil, eləcə də  dostluğumuzun və qardaşlığımızın daha bir mərkəzi olacaq. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin  Azərbaycana səfəri ikitərəfli əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində imzalanan sənədlər, münasibətlərin müxtəlif sahələr üzrə inkişafında yol xəritəsi olacaq. Dövlətimizin başçısı, Şavkat Mirziyoyevin  Özbəkistan Prezidenti seçildikdən sonra, ilk dövlət səfərini Azərbaycana etməsini çox yüksək qiymətləndirərək bildirib ki, bu, bizim qardaşlığımızın, dostluğumuzun və Sizin ölkəmizə, xalqımıza münasibətinizin  göstəricisidir. 

Səfər çərçivəsində dövlət başçılarının təkbətək və geniştərkibli görüşlərində bir çox müzakirələr aparılıb, bir sıra mühüm sənədlər imzalanıb. İki ölkə arasında Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilənin imzalanması isə, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin bariz nümunəsidir.