Azərbaycanda vəkillərin sayı 2431 nəfərə çatıb

Azərbaycanda vəkillərin sayı 2431 nəfərə çatıb Siyasət

"Bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 44 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunub".

News24.az xəbər verir ki, bunu "Vəkillər günü" münasibətilə keçirilən mərasimdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, 2018-ci ildən başlayaraq kollegiyanın üzvlüyü ilə bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda 4594 namizəd iştirak edib ki, onların da 1401 nəfəri ixtisas imtahanlarında uğur qazanıb.

Bununla da Azərbaycanda vəkillərin sayı 2431 nəfərə çatıb. 

Anar Bağırov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun imzalanıb:

"Azərbaycan tarixində ilk dəfə vəkilliyin tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşıb və həmin dövrdə qəbul olunmuş prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində proses bərabərhüquqlu peşə birliyinə çevrilib. Onu da diqqətə çatdırmaq istəyirəm ki, Azərbaycanın post-sovet məkanında vəkillik institutuna müstəqillik verən ilk dövlətlərdən biridir.

 Nəzərə çatdırmaq istəyirəm ki, bu gün ilk dəfə olaraq bir sıra qurumlar vəkillik fəaliyyətinə dəstək verdiyinə görə mükafatlandırılacaq.

İndiyədək ölkəmizdə vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində bir sıra normativ-hüquqi aktlar, çoxsaylı sərəncamlar və digər sənədlər qəbul edilib. Heç bir dövlət qurumu vəkillik fəaliyyətinə müdaxilə edə bilmir. Bu məsələ qanun çərçivəsində öz həllini tapıb. Hazırda vəkillik fəaliyyəti yeni dövrünü yaşayaraq inkişaf edir. Bu da Ulu Öndərin layiqli davamçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin adı ilə birbaşa bağlıdır".

Fərid Azəri