Bakıda Azərbaycan-Latviya biznes forumu keçirildi
Siyasət
Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycan-Latviya biznes-forumu keçirilib.
News24.az xəbər verir ki, dövlət başçıları tədbirdə çıxış ediblər.
Əvvəlcə Azərbaycan Prezidenti çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
-Cənab Prezident, rəsmi nümayəndə heyətinin üzvləri, Latviyadan gələn qonaqlar, xanımlar və cənablar.
Latviya Prezidentini rəsmi səfərdə qəbul etməkdən çox məmnunam. Bizim əla müzakirələrimiz oldu və sənədlər imzalandı. Müzakirə etdiyimiz bir çox məsələlər arasında iqtisadi tərəfdaşlıq mövzusu da var idi. Xüsusilə bu gün təşkil olunan biznes-forum birlikdə çalışmaq üçün qarşılıqlı istəyimizi real şəkildə nümayiş etdirir.
Məmnunam ki, cənab Prezidenti Latviyadan olan iş adamlarının böyük qrupu müşayiət edir. Əminəm ki, onların azərbaycanlı həmkarları ilə təmasları maraqlı və məhsuldar olacaq. Əlbəttə ki, istənilən biznes fəaliyyətinin arxasında bir neçə amil dayanır - ilk növbədə biznes qurduğunuz ölkədəki sabitlik, proqnozlaşdırılma imkanı, biznes və investisiya mühiti, həmçinin bağlantılar, ixrac bazarlarına çıxış imkanları və daxili bazarın həcmi kimi bir çox digər amillər.
Biz Azərbaycanda ölkəni tamamilə neft və qazdan asılı olan bir dövlətdən öz iqtisadiyyatının şaxələndirilməsi prosesi ilə fəxr edə biləcək bir ölkəyə çevirmək üçün çox işlər gördük. Ümumi daxili məhsulun strukturuna nəzər salsaq, son dörd-beş il ərzində sürətli artımın şahidi olarıq. ÜDM-də qeyri-neft sənayesinin payı 50 faizdən artaraq 70 faizi keçib və bu proses davam edir. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır.
İndi biz ixracatımızın şaxələndirilməsi üzərində fəal işləyirik, baxmayaraq ki, bunu etmək çətin olacaq. Çünki Azərbaycanda təbii qaz hasilatı artır və artacaq. Hasil etdiyimiz qazın böyük hissəsi isə ixrac olunur. Beləliklə, qeyri-neft-qaz sektoruna aid sənaye və iqtisadiyyat artan hasilat profili və beynəlxalq bazarlarda, ilk növbədə Avropa bazarlarında artan tələbatla uzlaşmalıdır.
İstər yerli, istərsə də xarici investorlar üçün maliyyə sabitliyi mühüm əhəmiyyət kəsb edir. Bu sahədə də yaxşı nailiyyətlər haqqında danışa bilərik. Maliyyə sistemimiz sabitdir. Biz strateji plana əsaslanaraq borclanmadan asılılığımızı tədricən azaltdıq. Bu gün biz yalnız yüksək texnoloji fəaliyyət tələb edən layihələr üçün Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və digər bu kimi aparıcı beynəlxalq qurumlardan kredit alırıq.
Xarici borcun azaldılması planının yerinə yetirildiyini düşünürəm. Xarici borcumuz ÜDM-in 6,1 faizinə bərabərdir. Valyuta və qızıl ehtiyatlarımız xarici borcumuzu 18 dəfədən çox üstələyir. Başqa sözlə, biz xarici öhdəliklərimizi, zənnimcə, bir neçə ay ərzində sıfıra endirə bilərik.
Lakin təbii ki, əlavə investisiyalara böyük ehtiyac var. Bu da ilk növbədə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərinin yenidən qurulmasına və bərpasına yönəldilib. İnvestisiya prioritetləri aydındır. Biz bunu artıq qismən müzakirə etmişik və müzakirə etməyə davam edəcəyik.
Həmçinin əminəm ki, azərbaycanlı həmkarlar qonaqlara rəqəmlər barədə də məlumat veriblər. Son iyirmi il ərzində iqtisadiyyatımıza 350 milyard ABŞ dollarından çox investisiya qoyulub ki, bunun da təqribən yarısı – 170 milyard ABŞ dolları xarici mənbələrdən gələn investisiyalardır. Beləliklə, investisiya üçün əlverişli mühitin yaradılması qarşımızda duran hədəflərdən biri idi və buna böyük mənada nail olunub.
Planlarımıza gəlincə, biz Azərbaycanda və həmçinin xaricdə, əsasən qonşu ölkələrdəki və Avropa İttifaqı zonasındakı enerji aktivlərinə investisiya qoymağa davam edirik. Bu, Avropa Komissiyası tərəfindən də dəstəklənir. Avropa Komissiyası ilə bir neçə əməkdaşlıq formatımız var ki, onlardan biri də enerji əməkdaşlığıdır.
Avropa Komissiyası öz ictimai bəyanatlarında hər zaman Azərbaycanı enerji sahəsində etibarlı tərəfdaş adlandırır və bu enerji əməkdaşlığı böyüyür. Biz neft satışı ilə başladıq, indi təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edirik və "yaşıl enerji" ixrac etməyi planlaşdırırıq. Portfelimizdə olan sərmayə sahələrindən biri də nəhəng Günəş və külək potensialına malik bərpaolunan enerji mənbələridir.
Biz artıq böyük oyunçuların ciddi marağına səbəb olmuşuq. Bizim planımız, – hansı ki, təkcə niyyət deyil, həm də imzalanmış hüquqi qüvvəyə malik müqavilələrə əsaslanır, – 2032-ci ilə qədər 8 qiqavatlıq Günəş, külək və hidroenerji gücünə malik olmaqdır və bu, tamamilə realdır. Biz elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı böyük ölçüdə bərpaolunan enerji ilə əvəz edəcəyik. Bu isə hazırda beynəlxalq bazarlarda çox ehtiyac duyulan bir neçə milyard kubmetr qaza qənaət etməyimizə imkan verəcək.
Bu qaza hər zaman ehtiyac olub, son bir neçə ildə ehtiyac artmışdı, son bir neçə ayda isə daha da artmış oldu. Planımız istehsalı və mütləq şəkildə ixracı artırmaqdır. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır. Ölkələrin ümumi sayı 16-dır və bu göstərici üzrə biz dünyada birinci yerdəyik.
Biz ən böyük hasilatçı və ixracatçı deyilik, bizdən daha böyük oyunçular var. Lakin boru kəmərləri vasitəsilə qaz ixrac edən ölkələr arasında təchizat coğrafiyasına görə biz birinciyik.
Avropa İttifaqına üzv olan ölkələr üçün Azərbaycan qazı və nefti onların enerji istehlakı portfelinin ən böyük hissəsini təşkil edir. Əsasən keçmişdə, indi və gələcəkdə diqqət yetirəcəyimiz digər sahə bağlantıdır. Burada coğrafiya investisiyalarımızla və Azərbaycanın açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün uzunmüddətli siyasətlə tamamlanır. Bu, artıq baş verib və Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə nəqliyyat dəhlizləri artıq fəaliyyət göstərir. Azərbaycan ərazisində aparılan bütün tikinti işləri tamamlanmışdır. İndi gördüyümüz işlər isə müasirləşməyə, yeni fiziki infrastrukturun yaradılmasına, rəqəmsallaşdırılmaya, o cümlədən süni zəka tərəfindən yaradılan imkanlara investisiyaların yatırılmasından ibarətdir ki, Azərbaycan ərazisindən daşımalar bugünkü geosiyasi vəziyyətdə nəinki təkcə ən təhlükəsiz, lakin, eyni zamanda, daşıma haqları və zamanı nöqteyi-nəzərdən rəqabətli olsun. Burada investisiyalar üçün böyük imkanlar var, çünki bu gün Azərbaycan olmadan Şərq və Qərb arasında bağlantı problemlidir. Dediyim kimi, biz buraya çoxlu investisiyalar yatırmışıq və dost ölkələrlə, birbaşa qonşularımızla və qonşularımızın qonşuları ilə əməkdaşlıq edərək yüklər üçün təhlükəsiz və etibarlı nəqliyyat marşrutunu təmin edə bilmişik.Yeri gəlmişkən, Azərbaycan ərazisindən keçən yüklərin həcmi ildən ilə artır.
Bu gün biz əsasən ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı olan fürsətləri də müzakirə etdik. Birgə İqtisadi Komissiyanın həmsədrlərinin hər ikisi kənd təsərrüfatı naziridir. Əlbəttə ki, əhalimizin qırx faizindən çoxunun kənd yerlərində yaşadığını nəzərə alaraq bu məsələ bizim hökumətimiz üçün prioritetlərdən biri olmağa davam edəcək. Orada yaxşı infrastruktur yaradılıb və rayonlarda biznes imkanları var. Əlbəttə ki, onlar paytaxtda olan biznes imkanlarından fərqlidir. Buna görə də kənd təsərrüfatı, turizm, su ehtiyatlarının idarəedilməsi – bütün bu sahələrdə dövlət və özəl şirkətlər Azərbaycanda layihələr həyata keçirirlər. Hesab edirəm ki, Latviya investorları üçün bu fürsətləri nəzərdən keçirmək də maraqlı olardı. Həmçinin Ələt Azad İqtisadi Zonası da yaxşı xidmətləri təmin edir və böyük həcmdə xarici investisiyaların cəlb olunmasına artıq imkan yaradan investisiyayönümlü qanunvericilik mövcuddur. Buna baxmayaraq bu gün aydındır ki, xarici investisiyaları cəlb etmək asan bir iş deyil. Lakin hesab edirəm ki, qanunverici baza və əsas dəniz limanlarına və dəmir yoluna yaxınlıq Ələt Azad İqtisadi Zonasını cəlbedici edir.
Müzakirə etdiyimiz və bəlkə də potensial əməkdaşlıq sahəsi olacaq məsələlərdən biri də müdafiə sənayesidir. Biz hər iki ölkənin bu sahədə imkanlarını fəal şəkildə inkişaf etdirdiyini öyrəndik. Bizə gəldikdə isə biz müdafiə sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərəmizin, - söhbət özəl və dövlət şirkətlərindən gedir, - məhsullarını böyük sayda ölkələrə artıq ixrac edirik. Beləliklə birgə istehsal sahəsində əməkdaşlıq, işbirliyinin yaradılması bizim nəzərdən keçirə biləcəyimiz məsələlər ola bilər. Bir çox digər məsələlər də var.
Bu gün etdiyimiz qısa çıxışlarımızda tərəfdaşlığın bütün sahələrini əhatə etmək çətindir. Lakin mən əminəm ki, forum ərzində və ondan sonrakı təmaslarda, - çünki əlbəttə bu tədbirin təcrid edilməməsi üçün sonrakı təmaslar olmalıdır, - bir çox digər imkanlar araşdırılacaqdır. Sözsüz ki, biz bir ölkə olaraq və mən əminəm ki, biznes dairələrimiz də Latviyada, Sizin prioritet hesab etdiyiniz layihələrdə investisiya imkanlarında maraqlıdır.
Bu gün müzakirə etdiyimiz kimi, biz hər iki ölkənin uğurla əməkdaşlıq edə biləcəyi potensial layihələrin siyahısını tərtib hazırlaya bilərik. Sonuncu məsələ isə Prezidentin səfərinin əhəmiyyəti ilə bağlıdır. Mən dəvətimi qəbul etdiyinizə görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Mən təkbətək görüşümüzdən, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdən və nahar zamanı apardığımız müzakirədən çox məmnun qaldım. Bir daha təşəkkür edirəm, Sizə yaxşı vaxt keçirməyi arzu edirəm. Əminəm ki, bizim biznes nümayəndə heyətləri bütün müsbət tendensiyaları dəstəkləyəcəklər. Bir daha xoş gəlmisiniz.
X X X
Sonra Latviya Prezidenti çıxış etdi.
Prezident Edqars Rinkeviçsin
çıxışı
- Cənab Prezident, nazirlər, həm Azərbaycanın, həm də Latviyanın biznes ictimaiyyətinin nümayəndələri.
Əvvəla, cənab Prezident, bizi qəbul etdiyiniz üçün və biznes-forumda iştirak edərək hər iki ölkədən olan sahibkarların qarşısında çıxış etdiyiniz üçün çox sağ olun. Sizin çıxışınızdan sonra danışmaq çox asandır, çünki Siz hər məqamı əhatə etdiniz və mən Sizinlə razılaşa bilərəm. Əlavə edə biləcəyim yeganə məsələ Latviyanın, Latviyada olan imkanların kiçik reklam edilməsi ola bilər. Azərbaycanın prioritetlərini və inkişafını məharətlə vurğuladığınız üçün hesab edirəm, əlavə etmək lazımdır ki, Latviya da Azərbaycanla əməkdaşlığa, ticari əlaqələrini dərinləşdirməyə və genişləndirməyə hazırdır.
Tarixə nəzər salsaq görərik ki, Bakı neft hasil edən şəhərə çevrilən zaman XIX əsrin sonu və XX əsrin əvvəllərində bir çox latviyalılar artıq burada mühəndis, müəllim kimi iş taparaq çalışıblar. Bizim həm iqtisadi, həm də mədəni bağlantımız düşündüyümüzdən daha da böyük və daha da genişdir. Hesab edirəm ki, təlatümlərin baş verdiyi bu vaxtda, - mən Avropada və Yaxın Şərqdə baş verən hadisələri, bütün geosiyasi çağırışları nəzərdə tuturam, - biz yaxşı və etibar etdiyimiz tərəfdaşlarımızla yeni əməkdaşlıq yollarını tapmağa çalışırıq. Azərbaycan həmişə Latviya üçün Cənubi Qafqazda və əslində daha geniş regionda əsas ticarət tərəfdaşı olub, ticarət tərəfdaşıdır və ticarət tərəfdaşı olmağa davam edəcəkdir.
Prezidentin elə indicə qeyd etdiyi kimi, müzakirələrimizin əsas hissəsi iqtisadi və ticari əlaqələrə həsr olunmuşdur. Mən sadəcə cənab Prezidentin dediyini təkrarlamaq istəyirəm. Müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün böyük maraq var. Biz görürük ki, müdafiə sənayesində texnologiyalar çox sürətlə inkişaf edir. Hazırda, elə biz danışdığımız zaman süni zəka, fərqli həll variantları ixtira olunur. Bilirəm ki, burada, Azərbaycanda çox yaxşı potensial var. Lakin mən, həmçinin qeyd edə bilərəm ki, Latviyanın da çox sürətlə inkişaf edən müdafiə sənayesi var. Dronlar, dron əleyhinə sistemlər yalnız görünən hissədir, bununla belə, müdafiə sənayemiz müxtəlif layihələr üzərində işləyir və müdafiə sənayemiz həm Avropada, həm kənarda tərəfdaşları tapmaq və onlarla əlaqələri gücləndirməkdə maraqlıdır.
Nəzərə alsaq ki, burada həmin sənayenin nümayəndələri əyləşib, ümidvaram ki, bizim yaxın vaxtlarda müəyyən gözəçarpan və real nəticələrimiz olacaq. Prezidentin təklifi ilə mən Ağ Şəhəri ziyarət etdim. Bu, mənə çox böyük təəssürat bağışladı. Cənab Prezident, mənə söylədilər ki, bu layihə 15 ildən az müddətdə həyata keçirilib. Bildirdilər ki, bu ideya hələ 2011-2012-ci illərdə hazırlanıb və Siz əvvəlcə çirklənmiş əraziləri təmizləməyə müvəffəq oldunuz, sonra isə memarlıq möcüzəsini yaradaraq, XX əsrə uyğun müasir şəhəri yaratdınız.
Bu, Azərbaycanın potensialını göstərir. Həmçinin inanıram ki, istər memarlıq, istərsə də mühəndis təklifləri və ya dizayn sahəsində öz ekspert bacarıqlarını təqdim etmək məqsədilə bu cür layihələrə qoşulmaq və iştirak etmək üçün sərmayədarlara və digər ölkələrə böyük dəvət var. Burada, görürəm ki, bizim potensialımız var və Latviyanın bu sahədə çox təklifləri mövcuddur.
Biz, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlığı xeyli müzakirə etdik. Belə alınıb ki, həm bizim, həm də sizin tərəfdən Hökumətlərarası Komissiyanın həmsədrləri kənd təsərrüfatı nazirləridir. Düşünürəm ki, bu sahədə ticarətin artırılması yollarını araşdırmaq imkanları çox böyükdür, çünki biz rəqabət aparan tərəf deyilik.
Əslində, biz bir-birimizi tamamlaya bilərik. Əlbəttə, həll olunmalı məsələlər hər zaman var. Məsələn, yoxlamalar, sertifikatlaşdırma və sairə. Lakin biz çox müsbət yanaşırıq ki, Azərbaycanın hakimiyyət orqanları və hökuməti bu yaxınlarda qərar qəbul etdilər ki, biz bu sahədə ticarətə və mübadilələrə imkan yaradacağıq. Latviya meşələr ölkəsidir və bizim meşə ehtiyatların idarə olunmasında zəngin təcrübəmiz var.
Buradan belə çıxır ki, Latviyada kənd təsərrüfatı naziri meşəçilik məsələlərinə də cavabdehdir. O, həmin sahədə Latviyada hökumətin həyata keçirdiyi bütün siyasətə görə məsuliyyət daşıyır. Beləliklə, biz söylədiyiniz proqramın icrası, ağacların əkilməsi, Azərbaycanda, o cümlədən azad edilmiş ərazilərdə meşəçilik işlərinin icrasında imkanların araşdırılmasına hazırıq və bunda maraqlıyıq. Burada mən, həmçinin təhsil və təlim sahələrində əyani əməkdaşlıq imkanını görürəm.
Biz, həmçinin digər sahələr, əczaçılıq sənayesi haqqında söhbət apardıq. Bağlantılar məsələsinə nəzər saldıq. Bir daha qeyd edim ki, Latviya hər zaman Şimali və Mərkəzi Avropa üçün giriş qapısı olub.
Bəzi geosiyasi hadisələr cərəyan edir və biz onları maneə kimi deyil, hava limanlarında yük infrastrukturunun, hava daşımalarının, digər daşıma yollarının və logistikanın inkişaf etdirilməsi imkanı kimi görürük. Çünki bu sahələr ölkələrimizin təqdim edəcəyi və əslində, bir-birini tamamladığı sahələrdir. Burada, həmçinin Latviyanın xeyli ekspert bacarıqları var. Burada bir az çətinliklə üzləşirəm, yəni əgər mən və ya cənab Prezident hansısa məsələni qeyd etmiriksə, bu, o demək deyil ki, biz onu yaddan çıxardıq, yaxud o, vacib deyil. Sadəcə, müəyyən vaxt çərçivəsi var. Bir sözlə, mən çox ümid edirəm ki, cənab Prezidentlə və onun nazirləri ilə apardığımız danışıqlar və bu biznes-forum işgüzar dairələrimizə əməkdaşlıq yollarını tapmaq, yeni ideyaları qazanmaq, ola bilsin, əvvəlki layihələrə yenidən nəzər salmaq, onları gündəmə gətirərək, hazırlamaq kimi işlərə təkan verəcək. Düşünürəm ki, Azərbaycan Prezidenti və mənim iştirakımla gördüyünüz və eşitdiyiniz odur ki, biz ticari və iqtisadi əlaqələrimizə önəm veririk. Bəli, bəzi tarixçəmiz oldu. İqtisadi və ticari münasibətləri müəyyən dərəcədə əngəlləyən COVID dövrü oldu.
Çıxış etdiyimiz zaman regionda müəyyən hadisələr cərəyan edir. Lakin, düşünürəm ki, hadisələr həm hökumətlərimizi, həm işgüzar dairələri birgə işdən ayırmalı deyil. Avropa İttifaqının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, o cümlədən NATO-nun üzvü kimi Latviya Azərbaycan ilə həmin təşkilatlar, eləcə də ikitərəfli təşkilatlar arasında əməkdaşlıq üçün işləməyə və dəstək verməyə, iqtisadi əlaqələrin təşviqi üçün bütün ekspert bacarıqları ilə bölüşməyə hazırdır. Biz, həmçinin bir faktı da yüksək dəyərləndiririk ki, Azərbaycan nəinki Latviya, o cümlədən bir çox Avropa ölkəsi üçün həm siyasi, həm iqtisadi sahədə və ən vacibi isə, energetika sahəsində strateji tərəfdaşdır.
Cənab Prezident Azərbaycanda hazırda hansı işlərin aparıldığını artıq qeyd etdi. İnanın mənə, Avropada və o cümlədən bizim regionda bu, yüksək dəyərləndirilir. Qeyri-müəyyənlik dövründə etibarlı tərəfdaşların əldə olunması ən mühüm sərvətdir.
Latviyanın iqtisadi inkişaf sabitdir. Bizim həll olunmalı çox çağırışlarımız var. Mən tam əminəm ki, elə indicə təsvir etdiyimiz həmin strategiyalar vasitəsilə sərmayə yollarını tapmağa çalışmalıyıq.
Sərmayələr birtərəfli olmur. Düşünürəm ki, ideyalar Azərbaycandan, sərmayədarlardan daxil olur və onlar Latviyaya sərmayə yatırmaq üçün imkanları araşdırmalı və bundan yararlanmalıdırlar. Həmçinin ya birgə müəssisə, yaxud, burada müxtəlif texnoloji sahələrdə sərmayədar olmağa maraq göstərən Latviya şirkətləri də var.
Bir sözlə qeyd etmək istəyirəm ki, bizim əla siyasi müzakirələrimiz oldu. Tam razıyam ki, burada müxtəlif məsələlərə aid çox yaxşı müzakirəmiz oldu. Bilirsiniz, bundan kimsə mütləq yararlanmalıdır, çünki cənab Prezidentlə razılaşdığımız kimi, müəyyən vaxtdan sonra görüşəcəyik. Mən, həmçinin Azərbaycan Prezidentini Latviya Respublikasına rəsmi səfərə dəvət etdim. Çox güman ki, səfər gələn il baş tutacaq.
Beləliklə, hamımızın - prezidentlərin, hökumətlərin və biznes icmalarının növbəti görüşümüzə qədər təxminən bir il vaxtı var. Çox ümid edirəm ki, sonra Riqada görüşdüyümüz zaman bizim nəinki bölüşməyə gözəl ideyalarımız, o cümlədən bu biznes-forumdan sonra baxacağımız çox konkret nəticələrimiz olacaq. Bir sözlə, biznes-foruma çox məhsuldar iş arzu edirəm.
Mən tədbirdə iştirakına, Latviyaya və həmçinin ticari əlaqələrə çox müsbət münasibət bəslədiyinə görə Prezident Əliyevə şəxsən təşəkkürümü bildirirəm. Mən Sizinlə işimizi davam etdirməyi səmimiyyətlə arzulayıram. Belə də, davam etməlidir.
Çox sağ olun.