"BMT Təhlükəsizlik Şurasındakı ölkələrə baxanda reallıq görünür" - Politoloq

"BMT Təhlükəsizlik Şurasındakı ölkələrə baxanda reallıq görünür" - Politoloq Siyasət
“Qarabağdakı vəziyyətlə bağlı” təcili iclasın çağırılması məqsədilə BMT Təhlükəsizlik Şurasına müraciət Ermənistanın və bu ölkədən Cənubi Qafqazdakı maraqlarını təmin etmək, mövcud reallıqları dəyişmək üçün istifadə edən geosiyasi qütblərin növbəti həmləsidir”. 
 
Bu sözləri News24.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

O bildirib ki, 44 günlük müharibə və postmüharibə dövründə biz, bir neçə, bu qəbildən olan həmlələrin şahidi olmuşuq. 
 
“Bu həmlələrdən birincisi, müharibənin dayandırılmasına və Minsk Qrupu formatını mümkün qədər qoruyub saxlamaqla, Ermənistanın daha əlverişli şərtlərlə masa arxasında otuzdurulmasına, Azərbaycana qarşı hüquqi nəticələr doğura biləcək qərarların qəbuluna nail olmaqla, işğal amilinin arxa plana keçirilməsinə xidmət edirdi.

Növbəti həmlə sərhədlərin delimitasiyası prosesində Ermənistanın hərbi-siyasi baxımdan əvvəlki mövqelərinin qorunub saxlanılmasına xidmət edirdi. Həmçinin sərhəd bölgəsində və Qarabağ iqtisadi rayonunda qismən əlverişli imkanlara malik olması, ölkəmizdə yaşayan erməni azlığı məsələsinin beynəlxalq müzakirəyə çevrilməsi üçün əsasların yaradılması da bu qəbilədəndir. Məlum olduğu kimi, bütün bu səylər Azərbaycanın diplomatik manevrləri, Qoşulmama Hərakatına üzv ölkələrin dəstəyi nəticəsində iflasa uğradı” , - o vurğulayıb.

Politoloq Ermənistanın hazırki cəhdini qiymətləndirib: “Məqsəd Azərbaycanı Qarabağda yaşayan ermənilərin guya “blokada”da olması ilə bağlı ittiham etməkdir. Bu, rəsmi Bakının onları ətraf mühitdən təcrid edərək, “humanitar böhran”la üz-üzə qoyması ilə bağlı uzun müddətdir ki, aparılan təbliğatın beynəlxalq hüquqi müstəviyə daşınmasına xidmət edir. 

Məqsəd isə, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin cəmiyyətimizə reinteqrasiya prosesinə mane olmaq, ziddiyyətləri separatçıları dəstəkləməklə dərinləşdirməkdir. Ermənistanın və separatçıların bu prosesdən üstün tərəf kimi çıxmasını təmin etməklə onların Qarabağdakı ermənilər arasında söz sahibi olmalarına nail olmaqdır. Prossesə davamlı müdaxilə etmək imkanı qazanmaqdır. Ermənistanın atəşkəsi pozması da, bu prosesin tərkib hissəsidir. Rəsmi İrəvanın təxribatları da, beynəlxalq ictimai rəyə hərbi qarşıdurmanın başa çatmadığı, münaqişənin davam etdiyi mesajının verilməsinə xidmət edir”.

E.Mirzəbəyli hesab edir ki,  iclasın keçirilməsi baş tutsa da, Ermənistan, Fransa və son günlər açıq təxribat yolunu tutan ABŞ niyyətlərinə çatmayacaq: “Ola bilsin ki, hansısa çağrış xarakterli açıqlamalar verilsin. Lakin mövcud geosiyasi reallıqlar fonunda, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına ala biləcək hər hansı qərarın verilməsi gözlənilmir.

Hazırda BMT Təhlükəsizlik Şurasının daimi olmayan üzvlərini Albaniya, Braziliya, Qabon, Qana, Malta, Mozambik, Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə, Ekvador və Yaponiya təşkil edir. Qabon, Qana, Mozambik, Birləşmiş Ərəb Əmirlikləri, Ekvador Qoşulmama Hərəkatının üzvləridir. Albaniya dost, qardaş ölkədir və hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Yaponiya Azərbaycanın BMT TŞ-na qeyri-daimi üzvlüyünü dəstəkləyən ölkələrdən biridir və Bakı ilə Tokio arasında yüksək səviyyəli tərəfdaşlıq münasibətləri var. Mənzərə göz qabağındadır. BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin siyahısı burada ölkəmizin haqlı mövqeyinə qarşı hər hansı bir qərarın qəbul edilməyəcəyini söyləməyə əsas verir”,- deyə o fikrini yekunlaşdırıb.
 
Ayşən Rəhim