"Əsirlərin azad edilməsinə qərarı biz vermirik" - RƏSMİ AÇIQLAMA

"Əsirlərin azad edilməsinə qərarı biz vermirik" - RƏSMİ AÇIQLAMA Siyasət
Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu 2023-cü il aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində  itkin düşüblər. 

News24.az-ın məlumatına görə, keçirilmiş qondarma məhkəmə prosesi ilə mayın 8-də Aqşin Bəbirov barəsində 11 il 6 aylıq həbs qərarı çıxarıb. İyunun 21-də isə guya qətldə ittiham olunan Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum edilib. 

Sözü gedən şəxslərin vəziyyəti ilə bağlı məlumat almaq üçün Beynəxalq Qızıl Xaç Komitəsinin Bakı ofisi ilə əlaqə saxladıq. 
Qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri İlahə Hüseynova bildirdi ki, Beynəlxalq Qızıl Xaç Komitəsi mandatına uyğun olaraq, yalnız saxlanılan şəxslərin ailələri ilə əlaqə yaradılmasını təmin edir:

"Təmsil etdiyim komitə mandatı çərçivəsində hər iki tərəfdə saxlanılan şəxslərlə rəftarı qiymətləndirir. Bu, həmçinin Ermənistanda olan iki Azərbaycan vətəndaşına da aiddir. Saxlanılan şəxslərin qaytarılması və ya azad edilməsi kimi məsələlərlə bağlı qərarı biz vermirik. Buna müvafiq qərar verən yalnız onları saxlayan tərəfdir".

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiəsi üzrə qeyri-hökumət təşkilatları dəfələrlə həmin şəxslərlə bağlı narahatlığını ifadə edib. 


Fərid Azəri