Ərdoğan Vilnüsdən Moskvaya mesaj göndərdi: - Qarabağı tərk edəcəksiniz!

Ərdoğan Vilnüsdən Moskvaya mesaj göndərdi: - Qarabağı tərk edəcəksiniz! Siyasət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya sülhməramlı kontingentinin 2025-ci ildə Azərbaycandan çıxacağını deyib. Bunu o, iyulun 12-də Vilnüsdə NATO sammitinin sonunda mətbuat konfransında azərbaycanlı jurnalistin sualına cavabında bildirib: “Anlaşma Rusiya əsgərinin 2025-ci ilə qədər bu yerlərdə qalmasını nəzərdə tutur. 2025-ci ildə Rusiya buraları tərk edəcək. Anlaşma bu istiqamətdədir. Mən də Rusiyanın bu anlaşmaya sadiq qalacağına inanıram. Dəyərli qardaşım İlham Əliyev də bunu yaxından izləyir”.

Ərdoğan ilk dəfə bu qədər açıq və konkret şəkildə bu məsələni bəyan etdi. Həmçinin bunu Qərb cəbhəsinin Rusiyaya qarşı yekdil mövqeyinin sərgiləndiyi Vilnüsdə - NATO sammitində elan etməsi də təsadüfi deyil. Bu bəyanata Rusiya hələlik, münasibət bildirməyib. 

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov News24.az-a açıqlamasında bildirib ki, Ərdoğanın açıqlaması Moskvaya, eyni zamanda bütün dünyaya ünvanlanmış mesaj olaraq qəbul edilə bilər:

“Türkiyə hər zaman Azərbaycanın yanında olub, bu gün də yanımızdadır və bizim mövqeyimizi dəstəkləyir. Hazırda Azərbaycan ilə Türkiyə qardaşlığının əyani göstəricisi olan Şuşa Bəyannaməsinin bütün hüquqi bazası işlənib hazırlanır. Çünki bu sənəd iki ölkə üçün tarixi əhəmiyyətə malikdir. Rusiya sülhməramlılarının Qarabağda 2025-ci ildən sonra da qalması ilə bağlı heç kim danışmırdı. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bununla bağlı öz fikrini söyləyib. Dövlət başçısı bildirib ki, Azərbaycan hər şeyi edəcək ki, rus sülhməramlılarının bölgədə qalma müddətinin uzadılmasına ehtiyac olmasın”. 



Polkovnik qeyd edib ki, sülhməramlıların fəaliyyəti Azərbaycan cəmiyyəti tərəfindən mənfi qəbul olunub: “Onlar demək olar ki, sülhməramlılıq missiyasına aid olan fəaliyyətlə yox, buna zidd əməllərlə məşğul olublar və bu, Azərbaycan cəmiyyəti tərəfindən də bu cür qiymətləndirilir. Belə olduğu halda Rusiyanın Qarabağda yerləşdirilən müvəqqəti missiyasının 2025-ci ildə Azərbaycandan getməsi ilə bağlı qərarı Azərbaycan dövləti verəcək. Ölkə rəhbəri də bununla bağlı fikir səsləndirib”. 

Ş.Ramaldanov xatırladıb ki, sülhməramlı kontingentin bölgədə qalma müddətinin uzadılması məsələsini ilk dəfə Soçidə Ermənistanın baş naziri Nikol Paşinyan səsləndirib: “Bu, Rusiyanın maraqlarına xidmət edirdi. Çünki bölgədə olan sülhməramlı fəaliyyətin müddətinin uzadılmasına meyillik var idi. Ancaq bu, heç də Azərbaycan dövlətinin planlarına uyğun gəlmir. Ona görə də düşünürəm ki, Rəcəb Tayyib Ərdoğanın Vilnüsdə söylədikləri Azərbaycan dövlətinin və cəmiyyətinin mövqeyidir. Biz bunu heç vaxt gizlətməmişik. Bu fikri Ərdoğan kimi böyük bir siyasətçinin səsləndirməsini isə mesaj kimi qəbul etmək olar”.

Şair Ramaldanov vurğulayıb ki, sülhməramlıların bölgədə qalma müddətinin uzadılması ancaq müraciət əsasında ola bilər: “Onların burada 2025-ci ilə qədər qalması ilə bağlı rəsmi sənəd var,. Onlar bölgəyə bəyannamə əsasında və müvəqqəti yerləşiblər. Ərdoğan da bunu səsləndirməklə sülhməramlıların missiyalarını başa vurduqdan sonra gedəcəklərini, bununla bağlı Azərbasycanın mövqeyini təkcə Rusiyaya yox, bütün dünyaya bəyan etdi. Müddətin uzadılması ilə bağlı müraciəti də ancaq Azərbaycan dövləti edə bilər. Biz isə buna ehtiyac duymadığımızı və bölgəyə sülhün gətirilməsinin vacib olduğunu bəyan etmişik. Qarabağdakı ermənilərin təhlükəsizliyinə Azərbaycan dövləti tam zəmanət verir. Prezident İlham Əliyev də bununla bağlı dəfələrlə çıxış edib. Qarabağda yaşayan ermənilər burada yaşayan digər xalqların nümayəndələrikimi, eyni hüquqa malik Azərbaycan vətəndaşı kimi yaşaya bilərlər”. 

Qeyd edək ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyannaməyə görə, Rusiya sülhməramlı kontingentin qalma müddəti “5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”.

Bakı dəfələrlə bildirib ki, Qarabağ Azərbaycan ərazisidir və Rusiya hərbçiləri oraya müvəqqəti yerləşdirilib. Rəsmi Bakı sülhməramlı kontingentin fəaliyyətindən dəfələrlə narazılıq dilə gətirib. Çünki onların müşayiətilə Qarabağa hərbi daşımalar həyata keçirilib, bununla da üçtərəfli bəyanat kobud şəkildə pozulub.

Akqabay Mıradov