"Ümid edək ki, Ermənistan keçmişdəki səhvləri təkrarlamayacaq" - TÜRK POLİTOLOQ

"Ümid edək ki, Ermənistan keçmişdəki səhvləri təkrarlamayacaq" - TÜRK POLİTOLOQ Siyasət
Ermənilərin BMT Təhlükəsizlik Şurasının təcili iclasından gözləntiləri özünü doğrultmadı. Nə qətnamə, nə də bəyanat qəbul olundu. Azərbaycana qarşı qərarın qəbul edilməsi üçün üzərində ermənilərin və havadarlarının 4 aydır çalışdığı planı fiasko ilə nəticələndi. Beynəlxalq təzyiq mexanizmi formalaşdırmaq istəklərinə nail ola bilməyən ermənilər sülhə gələcəklərmi?

Mövzu ilə bağlı News24.az-a danışan Yıldız Teknik Üniversitesi Siyasi Elmlər və Beynəlxalq Əlaqələr Bölməsinin professoru Mehmet Akif Okur bildirib ki, ermənilər üçün ən doğru yol Azərbaycanla real  sülh masasına oturmaqdır.
 
“Ağdam-Xankəndi yolu humanitar ehtiyacların ödənilməsi üçün açıq olduğu halda, Ermənistanın buna məhəl qoymamasının hədəfi aydındır.
Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciəti özünü doğrultmadı fiasko ilə nəticələndi. Nəticə göstərdi ki, dünya ictimai rəyi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş siyasətini ört-basdır etmək üçün humanitar arqumentlərdən istifadə edir. Dünya Azərbaycanın ərazi bütövlüyünü qəbul edir. Sübut edildi ki, beynəlxalq hüquq və ədalət Azərbaycandan yanadır”.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistanın indiyə qədər onu yoxsullaşdıran, dünyadan təcrid edən vəziyyətdən qurtulmaq imkanı və şansı var.

“Bunun üçün Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra öhədiliklərini yerinə yetirməsi kifayətdir. Əks təqdirdə, israr etmək Ermənistanın ziyanverici siyasətinin davam etdirilməsi deməkdir. Bu baxımdan Ermənistanın verdiyi ilk rəsmi bəyanatları, BMT Təhlükəsizlik Şurasının nəticəsini yanlış şərh etməyə cəhdləri sadəcə təəssüf doğurur. Keçmişdə Ermənistan beynəlxalq aləmdə təcrid olunduğundan tarixi havadarlarının ictimai rəyini hərəkətə gətirmək üçün gərginliyi artırmağa, hərbi böhran başlamağa cəhd edirdi. Ümid edirik ki, ermənilər bu dəfə keçmişi təkrarlamaq əvəzinə Azərbaycan və Türkiyənin göstərdiyi sülh və firavanlıq yolunu seçəcək”, - deyə o, fikrini yekunlaşdırıb. 
 
Ayşən Rəhim