Media Foruma qarşı təxribat: - “erməni şəbəkəsi”nin addımları nəyə hesablanıb?

Media Foruma qarşı təxribat: - “erməni şəbəkəsi”nin addımları nəyə hesablanıb? Siyasət
"Əslində “erməni şəbəkəsi”nin narahatlığı son 2 gün ərzində deyil, daha əvvəl, Forumun 1-ci günündən başlamışdı. Şuşa Qlobal Media Forumunun açılış mərasimindən dərhal sonra bəlli oldu ki, Ermənistan tərəfi Forumun işini pozmaq üçün hərəkətə başlayıb. Ermənistanın 11 jurnalist təşkilatı vahid bəyanat imzalayaraq, Şuşa Qlobal Media Forumunun iştirakçılarına müraciət etdilər. Onlar xarici jurnalistlərin Foruma qatılmasını pislədilər, xarici jurnalistləri “reallıqları” dilə gətirməməkdə qınadılar. Guya “həmkar” kimi imzaladıqları müraciətlərində çağırış edirdilər ki, xarici jurnalistlər Forumda iştiraklarını dayandırıb Şuşanı tərk etsinlər. Yaxud, tədbirdə söz alaraq, “Artsaxın blokadası” mövzusunu gündəmə gətirsinlər". 

Bu sözləri News24.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib. 



O, bildirib ki, erməni tərəfi eyni motivli müraciəti beynəlxalq təşkilatlara da ünvanlayıb: “Foruma qarşı bəyanat verməyə, tədbirə qatılmış xarici jurnalistlərin fəaliyyətini pisləməyə çağırırdılar. Bir gün sonra isə bəlli oldu ki, ermənilər Foruma qatılmış xarici jurnalistlərin elektron poçt ünvanlarına hədə dolu məktublar göndəriblər. Şantaj motivli mesajlar yazaraq, Forumu tərk etmək məcburiyyəti yaratmaq istəyiblər. Bütün bunlar uğursuz olunca, “erməni şəbəkəsi” fərqli bir vasitədən istifadə etdi. Forumda iştirak edən beynəlxalq təşkilatların təmsilçiləri adından yalançı açıqlamalar yayamağa başladılar".  

Müşfiq Ələsgərli qeyd edib ki, tədbirin uğurlu şəkildə təşkil edilməsi ölkə imicinə müsbət xal gətirdi. “ Foruma qatılmış xarici jurnalistlərin yazdıqları məqalələr, sosial media hesabları üzərindən paylaşdıqları postlar 3 gün ərzində Azərbaycanın adını dünyanın xəbər gündəmində saxladı. Yazılan məqalələrdə, paylaşılan postlarda media müzakirələri ilə yanaşı, Azərbaycan-Ermənistan müharibəsinə, Ermənistan tərəfinin Qarabağda törətdiyi vandalizm aktlarına da yer verildi. Xarici jurnalistlər Şuşaya səfər zamanı yol üzərində gördükləri dağıntıları qeydə alaraq paylaşırdılar. Ermənistanın işğal dövründə törətdiyi dağıntılarla, Azərbaycanın son 3 ildə bu bölgədə apardığı quruculuq işlərini müqayisə etdilər”, - deyə o yekunlaşdırıb. 

Aydan