Paşinyanın Moskvaya göndərdiyi şok mesaj - Rusiyadan “imtina” edir?

Paşinyanın Moskvaya göndərdiyi şok mesaj - Rusiyadan “imtina” edir? Siyasət
Ermənistanın baş naziri Nikol Paşinyanın iyulun 25-də keçirdiyi mətbuat konfransı zamanı jurnalistin Rusiya XİN-in Qarabağ ermənilərinin taleyi ilə bağlı məsuliyyəti üçüncü ölkələrə atmamağa çağırmasını necə qiymətləndirdiyi sualına münasibəti diqqət çəkib. 

Paşinyan deyib: “Bizdə müəyyən vəziyyət yarananda deyirik: Moskva, gör nə edirsən. Ya Vaşinqton, ya Brüssel, görün nə edirsiniz. Bəs biz nə edirik? Bəli, Moskvanın mövqeyində vicdanlı hissələr var və onların əksəriyyətini diplomatik dildən tərcümə etsək, belə səslənir: yaxşı, 30 ildir müstəqil dövlətsən, nə vaxta qədər Moskvaya zəng vuracaqsan, problem olanda məktub yazacaqsan? Biz müstəqil dövlət olaraq problemlərimizi birinci həll etdiyimizi dərk edərək, yetkinləşmənin növbəti addımını atmalıyıq. Elə buna görə də mən Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıması barədə razılaşdım”.

Diqqət çəkən detal həm də Paşinyanın bunu Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli formatda görüşü öncəsi səsləndirməsi idi. 

Politoloq İlqar Vəlizadə News24.az-a açıqlamasında bildirib ki, Nikol Paşinyan Ermənistan siyasəti üçün çox həssas bir məsələyə toxunub. 

“Təcrübə göstərir ki, dəfələrlə şahidi olmuşuq ki, Ermənistanın xarici siyasətində hansısa bir problem yarananda kənar ölkəyə üz tutmağa üstünlük verirdilər. Onları vasitəçi qismində görürdülər. Lakin son zamanlar vəziyyət köklü olaraq dəyişib. Rusiya-Ukrayna müharibəsi davam edir, dünyanın əsas oyunçularının başı bu müharibəyə qarışıb. Rusiya, Avropa İttifaqı, ABŞ hər kəs Ukrayna ilə maraqlanır. Belə halda artıq onlar yeni münaqişənin alovlanmasına, regional ölkənin nazı ilə oynamağa üstünlük vermirlər. Bu da Ermənistanı yaranmış vəziyyətlə üz-üzə qoyur. Bu da Ermənistan rəhbərliyindən konkret addımların atılmasını tələb edir. 

Buna görə də hesab edirəm ki, Nikol Paşinyanın timsalında Ermənistan rəhbərliyi bunu nəzərə alaraq ictimaiyyətə fikir çatdırır. Digər tərəfdən, mesaj ondan ibarətdir ki, Paşinyan “biz öz qüvvəmizə güvənməliyik” deyir. Onlar özləri də çox yaxşı bilirlər ki, çox qüvvələri yoxdur. Azərbaycana və Türkiyəyə qarşı güc nümayiş etdirə bilməzlər. Ona görə də yeganə çıxış yolu bu ölkələrlə danışmaqvə ortaq məxrəcə gəlməkdən ibarətdir. 

Paşinyan ictimaiyyətə, öz rəqiblərinə üz tutaraq qeyd edir ki, “əgər siz Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək istəmirsinizsə, o zaman nəzərə alın ki, Azərbaycan da bizim ərazi bütövlüyümüzü tanımayacaq. Bu da müharibəyə gətirib çıxaracaq”, - politoloq qeyd edib. 

Akqabay Mıradov