Paşinyandan ŞOK: - Meğrinin Azərbaycana verilməsi müzakirə edilib

Paşinyandan ŞOK: - Meğrinin Azərbaycana verilməsi müzakirə edilib Siyasət
1999-cu ildə Ermənistan Meğrinin DQMV müqabilində Azərbaycana verilməsini müzakirə edib.

News24.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran parlament komissiyasının iclasında çıxışı zamanı deyib.

O bildirib ki, 1999-cu ildə ATƏT-in İstanbul Sammiti zamanı daha bir sənəd dövriyyədə idi. Paşinyanın sözlərinə görə, bu, ərazilərin mübadiləsi ilə bağlı sənəd olub: “İstanbul Sammitində onlar nə ərazi bütövlüyünə, nə də öz müqəddəratını təyinetmə hüququna istinad ediblər. Çünki diplomatik ictimaiyyət danışıqlar masasında nizamlama sənədinin olduğunu bilirdi”.

Baş nazir müzakirə olunan sənədin bir neçə bəndi haqda məlumat verib. “Xüsusilə qeyd olunur ki, 1988-ci il sərhədləri daxilində DQMV, Şuşa və Laçın rayonları Ermənistana, Meğri rayonunun isə Azərbaycana verilməlidir. İkinci mərhələ Füzuli, Zəngilan, Ağdam, Cəbrayıl, Qubadlı, Kəlbəcər və Ağdərənin Azərbaycana qaytarılmasını nəzərdə tuturdu. Həmçinin sovet dövründə mövcud olan anklavlar onları əhatə edən ölkələrə verilməli idi. Ermənistan 60 gün ərzində Meğridən qoşunlarını çıxarmaq öhdəliyi götürmüşdü. Bu ərazidə isə münaqişə zamanı zərər çəkmiş Azərbaycan vətəndaşları yaşamalı idi”, Paşinyan əlavə edib.

O bildirib ki, sözügedən sənəd, əslində Qarabağ münaqişəsinin həlli ilə bağlı fundamental erməni ideyalarının məhvini təsbit edir: “Amma bu sənəd qəbul olunmadı. Belə bir fikir var və mən də bunu bölüşürəm ki, onun imzalanmasına Karen Dəmirçiyan və Vazgen Sarkisyan mane olublar”. 

Nikol Paşinyan əlavə edib ki, proses 1999-cu ilin avqust-noyabr aylarında baş verib. Onun sözlərinə görə, bu sənəd 2001-ci ildə Laçının müqabilində Azərbaycana ekstraterritorial dəhliz verilməsini nəzərdə tutan Ki-Uest sənədində nəticə verib.

Akqabay