"Qərb Ukrayna müharibəsində çoxdan uduzub" - RƏY

"Qərb Ukrayna müharibəsində çoxdan uduzub" - RƏY Siyasət
"Ciddə sammiti Ukrayna müharibəsinin Avropanın hüdudlarını aşdığını göstərdi". 

Bu fikirləri Almaniyanın xarici işlər naziri Annalena Berbok "Bild" nəşrinə müsahibəsində bildirib. 



"Ciddə sammiti Rusiyanın təcavüzünün Afrika, Asiya və Cənubi Amerikaya təsir etdiyini deməyə əsas verdi. Bu isə artıq Avropa hüdudlarından çox uzaqdır. Rusiyanın Ukraynaya hücumu beynəlxalq nizam, enerji təhlükəsizliyi, taxılın qiyməti, eləcə də qlobal ərzaq böhranı kimi problemləri alovlandırıb. Volodimir Zelenski Rusiya qoşunlarının ölkə ərazisini tərk etməsini nəzərdə tutan sülh formulunu dəstəkləyir. Ədalətli dünyaya doğru irəliləyişin hər millimetri Ukrayna xalqı üçün bir parça deməkdir",- deyə o vurğulayıb. 

Məsələ ilə bağlı News24.az-a danışan ukraynalı siyasi ekspert Oleq Kuznetsov isə bildirdi ki, Berbokun fikirləri tamamilə əsaslıdır:

"Bu fakt ona görə baş verdi ki, Avstraliya və Cənubi Koreya Ukraynaya silah göndərməyə başladıqdan sonra Türkiyə də onlara qoşuldu. Bunun müqabilində Rusiya İrandan pilotsuz uçuş aparatları idxal etdi. Mən Ukrayna müharibəsinə cəlb olunan əcnəbi könüllüləri də qeyd etmək istəyirəm. Məhz bu şəxslərin mənsub olduğu dövlətləri nəzərə alsaq, sülh platformasınnın xəritəsini hazırlamaq olar. Digər tərəfdən Ukraynada baş verənləri hazırda III Dünya müharibəsi adlandırmaq düzgün olmasa da Qərbin çoxdan uduzduğunu düşünürəm. Lakin yaxın zamanda onlar bunu etiraf etməsələr növbəti dünya savaşı riski aktuallaşacaq" - Kuznetsov belə deyib. 

Qeyd edək ki, avqustun 5-6-da Ciddədə Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı məsləhətləşmələr keçirilib. Tədbirdə 30-dan çox dövlətin, o cümlədən Braziliya, Böyük Britaniya, Hindistan, Çin, ABŞ, Türkiyə, Cənubi Afrika Respublikasının, eləcə də Aİ ölkələrinin nümayəndələri iştirak ediblər.

Fərid Azəri