"İranda Aleksandr Qriboyedev və səfirliyin onlarla əməkdaşı da qətlə yetirildi" - Adil Əliyev

"İranda Aleksandr Qriboyedev və səfirliyin onlarla əməkdaşı da qətlə yetirildi" - Adil Əliyev Siyasət
"İranda xarici diplomatik missiyalara qarşı hücum ilk hal deyil, bunun tarixi iki yüz il əvvələ gedib çıxır. 1829-cu ildə o zamankı Rusiyanın İrandakı səfiri və məşhur yazıçı Aleksandr Qriboyedev və səfirliyin onlarla əməkdaşı qətlə yetirildi. Amma rəsmi Tehran bu hadisənin məişət zəmnində olduğunu iddia edirdi.  Bu gündə İran tərəfi təxminən 200 il ötməsinə baxmayaraq həmin mövqeyində qalır. Yeri gəlmişkən, elə 2022-ci ilin fevralında hazırki Rusiya səfiri Griboyedevin xatirə lövhəsini ziyarət edib gül qoyduqdan sonra İran mətbuatında buna kəskin etiraz edildi və hətta Rusiya səfirinin ölkədən qovulması barədə çağırışlar edildi". 

Bu fikirləri News24.az -a açıqlamasında Milli Məclisin sədr müavini Adil Əliyev deyib. Adil Əliyevə diqqətə çatdırıb ki, İran üzərinə düşən öhdəliyi yerinə yetirməyib:

"İran dövlət 1961-ci ilin diplomatik əlaqələr haqqında Vyana konvensiyasına görə diplomatik missiyanı qəbul edən tərəf kimi səfirliyi qorumağa borcludur.Amma üzərinə düşən öhdəliyi yerinə yetirməyib. Nəticədə, səfirliyimizin bir əməkdaşı şəhid olub, iki əməkdaş isə yaralanıb. İran hökuməti səfirliyimizi qoruya bilmədiyi və əməkdaşımızın terror hücumunun qurban olduğu üçün ən azından üzr istəməyə borcludur, amma bunu etmir. Əksinə, bu ciddi terror hadisəsini ailə-məişət münaqişəsi səviyyəsinə endirməyə çalışır. Bu, həm də ondan xəbər verir ki, İran Azərbaycana qarşı qərəzli münasibət yürüdür. İran mətbuatına bir nəzər yetirməklə əmin olmaq olar ki, o ölkədə Azərbaycana qarşı mütəşəkkil nifrət kampaniyası aparılır. Hətta İranın xüsusi xidmət orqanlarının bu hücumun baş tutacağından xəbərləri əvvəlcədən olmayıbsa belə, hərçənd bu inandırıcı deyil, İranda aparılan kütləvi anti-Azərbaycan kampaniyası və isterikası belə bir hadisənin baş verə biləcəyi ehtimalının yüksək olduğunu göstərirdi". 

"Azərbaycan tərəfi də İrana rəsmən müraciət edərək səfirliyimizin mühafizəsinin gücləndirilməsi ilə bağlı müraciət etmişdi. Amma bu müraciət nəticəsiz qalmışdı.Beləliklə, İran rəhbərliyi Azərbaycana qarşı səhv yol tutub. Ancaq bu ilk növbədə İranın öz maraqlarına ziddir. Təbii ki, Azərbaycan İranla sülh və dinc qonşuluq münasibətlərinə həmişə sadiq olub. Amma hazırkı İran hakimiyyəti tamamilə məntiqsiz bir siyasət yürüdür. Belə görünür ki, İran hakimiyyəti bizim Vətən müharibəsindəki qələbəmizdən, ümumiyyətlə Azərbaycanın güclənməsindən və inkişafından ciddi təşviş keçirir,"- deyə sonda fikirlərini yekunlaşdırıb.

Aynurə FATEH