""Lavrov planı"na imkan VERMƏYƏCƏYİK" - Türkiyəli POLİTOLOQ

""Lavrov planı"na imkan VERMƏYƏCƏYİK" - Türkiyəli POLİTOLOQ Siyasət

Rusiya xarici işlər naziri Sergey Lavrovun “Qarabağın Azərbaycana inteqrasiyası” ilə bağlı təkliflərini əks etdirən “Lavov planı” son günlər erməni mediasında geniş şəkildə tirajlanır. 

“Lavrov planı” adlanan 14 maddədən ibarət olan təkliflər layihəsi “Azərbaycan SSR-nin keçmiş Dağlıq Qarabağ Vilayəti ərazisində erməni əhalisinin təhlükəsizliyinin və hüquqlarının Azərbaycan Respublikasının qanunvericliyinə uyğun olaraq təmin edilməsinin əsas prinsipləri və parametrləri” adlanır. Sözügedən sənəddə Qarabağda separatizmin ləğv edilməsi, Azərbaycanın suverenliyinin təmin edilməsi dəstəklənir. 

Mövzu ilə bağlı News24.az-a danışan Türkiyənin sabiq deputatı İstanbul Ticarət Universitetinin professoru Mustafa Ilıcalı bildirib ki, xaricdən erməni əhalisinə “zəmanətçi” rolu ilə verilən dəstək həm hərbi, həm də kəşfiyyat baxımından yön vermək deməkdir.

“"Lavrov planı"ndakı təkliflər bu və ya digər formada etnik separatizmi stimullaşdıracaq amillərdir. Bu səbəbdən Azərbaycan buna imkan verməyəcək. Azərbaycan ordusu tərəfindən Qarabağ bölgəsi terrorçu erməni ünsürlərindən tamamilə təmizlənib. Ərazidəki əhalinin kənar qüvvələrinin dəstəyi ilə yenidən separatizmə cəlb olunma ehtimalı regionda sülhü təhdid edir. Təkliflər etnik separatizmin toxumlarının saxlanılmasına yönəlib. Rusiyanın danışıqların mövzusunu təklif etməsi, onun vasitəçi və “zəmanətçi” olması deməkdir.

Keçmişdə də Ermənistan məhz üçüncü ölkələrin köməyi ilə türklərə qarşı amansız soyqırımı törədiblər. Onlar çox ağır günlər yaşayıblar. 

Ona görə də, bölgə üçün potensial təhlükə yarada biləcək vəziyyətlər həm Azərbaycanın, həm də Türkiyənin diqqətindədir. 

Faktiki olaraq rəsmi Ankara İkinci Qarabağ müharibəsindən Azərbaycanın yanındadır və ona dəstəkdir . Dolayısı ilə Türkiyə də Azərbaycan da təklifləri qəbul etməyəcək. Bu, bir qədər mümkünsüz görünür”. 

 Ayşən Rəhim