Üçtərəfli görüşdən nə əldə olundu? – - Sülh müqaviləsinin imzalanması...

Üçtərəfli görüşdən nə əldə olundu? – - Sülh müqaviləsinin imzalanması... Siyasət
Xəbər verdiyimiz kimi, Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüş olub. Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunub.

Siyasi analitik Aqşin Kərimov görüşün mahiyyətini və perspektivini News24.az-a şərh edib.


O bildirib ki, Rusiyada baş tutan Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin görüşü Moskva ilə Qərbin sülh proqramında monopoliya yaratması cəhdləri fonunda reallaşıb: “Moskva regiona imperiya maraqları, Qərb isə Rusiyanın sıxışdırılması və NATO-nun genişlənmə planı kontekstində baxır. 

Azərbaycan-Ermənistan sülh gündəliyində geniş izlər buraxmaq gələcək üçün regional təsirləri əldə saxlamağa hazırlıq mərhələsidir. Ceyhun Bayramovla Ararat Mirzoyanın danışıqları həmin perspektivdə Azərbaycan-Ermənistan mövqeyinin yerləşdirilməsi üçün vacibdir. 

Ancaq Azərbaycan daha güclü, Ermənistan isə daha zəif mövqeyə doğru gedir, bu proseslər fonunda Bakının arqumentləri dəmirləşir, şərtləri genişlənir, tələbləri çoxalır. 

Bu üç amil olmasa, Azərbaycan öz şərtlər kompleksi ilə Rusiyanın 10 Noyabr Bəyanatı üzrə öhdəliklərini birləşdirib Ermənistanı sıxışdırmaqda çətinlik çəkərdi”. 

O əlavə edib ki, Azərbaycanla Rusiyanın dil tapmaq təcrübəsi daha dolğun regional gündəliyə söykənir, lakin Moskvanın İrəvanla çəkici eyni yerə vurması müşkülə çevrilir: “Ancaq Rusiya regionda yekun sülhə deyil, özü tərəfindən idarəedilən tənzimləmə çərçivələrinin hazırlanmasına səy göstərir, bu məsələdə Bakı-Moskva gündəliyi qarışır. 

Qərblə də Azərbaycanın üst-üstə düşən maraqları və toqquşan maraqları mövcuddur, bu çətin şəraitdə sülh mətninin hazırlanması yubanır. 
Moskva görüşündən sonra Azərbaycanla Ermənistan açıq qalan məsələlər üzrə dəqiqləşdirmələr aparacaq, amma hələ ki, sülh müqaviləsinin imzalanmasından danışmaq tezdir”.