15 yaşlı uşaq ana oldu: Cəmiyyəti sarsıdan hadisənin görünməyən TƏRƏFLƏRİ

15 yaşlı uşaq ana oldu: Cəmiyyəti sarsıdan hadisənin görünməyən TƏRƏFLƏRİ Sosial

Ötən gün mediada 15 yaşlı bir qızın ana olması ilə bağlı yayılan xəbər geniş ictimai müzakirələrə səbəb olub. Bildirilib ki, o, təxminən 32–34 həftəlik körpə dünyaya gətirib. Bu kimi hadisələr cəmiyyətdə haqlı olaraq ciddi narahatlıq doğurur və bir sıra sosial, hüquqi və mənəvi sualları gündəmə gətirir.

Əslində, illərdir erkən nikahların qarşısının alınması, yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması və bu istiqamətdə maarifləndirmənin gücləndirilməsi ilə bağlı müxtəlif çağırışlar edilir. Buna baxmayaraq, oxşar halların yenidən baş verməsi problemin hələ də tam aradan qaldırılmadığını göstərir.

Mövzu ilə bağlı News24.az -a danışan Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, 15 yaşlı bir qızın uşaq dünyaya gətirməsi cəmiyyət üçün təkcə emosional sarsıntı yaradan bir xəbər deyil, eyni zamanda hüquqi və sosial sistemin harada zəiflədiyini göstərən ciddi siqnaldır:

"Belə hallara yalnız təəssüf hissi ilə yanaşmaq kifayət etmir, çünki məsələ bir uşağın həyatının dönməz şəkildə dəyişməsi ilə bağlıdır.

Burada ən vacib məqam yetkinlik yaşına çatmayan şəxslərin müdafiəsinin dövlət və cəmiyyət üçün prioritet olmasıdır. Bu müdafiə isə yalnız maarifləndirmə ilə deyil, həm də hüquqi mexanizmlərin daha da sərtləşdirilməsi ilə təmin oluna bilər. Xüsusilə yetkinlik yaşına çatmayanların cinsi istismara məruz qalması hallarında məsuliyyətin yalnız bir tərəfdə deyil, bu vəziyyətə şərait yaradan bütün zəncir üzrə müəyyənləşdirilməsi vacibdir".

Elnarə Akimova vurğulayıb ki, belə hallarda valideynlərin məsuliyyəti məsələsi də xüsusi önəm daşıyır:

"Uşağın erkən yaşda evləndirilməsinə razılıq verilməsi və ya buna göz yumulması, nəticə etibarilə onun gələcəyinə birbaşa müdaxilə deməkdir. Bu səbəbdən, qanunvericilik çərçivəsində valideynlər belə hallarda daha sərt şəkildə cəzalandırılmalıdır. Çünki uşağın hüquqlarının qorunması ilk növbədə ailədən başlayır.

Bu yanaşma hər hansı emosional və ya siyasi ritorika deyil, sırf uşaqların müdafiəsi prinsipi üzərində qurulmuş bir zərurətdir. Burada məqsəd cəzalandırma mədəniyyətini artırmaq yox, qarşısıalınmaz nəticələrin baş verməməsi üçün çəkindirici hüquqi mexanizmlərin gücləndirilməsidir".

O qeyd edib ki, uşaqların istismarının qarşısının alınması yalnız hüquq-mühafizə orqanlarının işi deyil:

"Eyni zamanda ailənin, təhsil sisteminin və cəmiyyətin ümumi məsuliyyətidir, lakin bu məsuliyyət zəncirində boşluq yaradan hər hansı tərəf varsa, bu boşluq hüquqi baxımdan da aydın şəkildə tənzimlənməlidir.

"Belə ağır sosial problemlərin qarşısını almaq üçün həm qanunların tətbiqi, həm də preventiv mexanizmlər gücləndirilməlidir. Uşaqların təhlükəsizliyi məsələsində kompromis mümkün deyil, çünki burada söhbət gələcəyin özündən gedir", - deyə o qeyd edib..