Ali təhsildə tarixi addım: Universitetlərə muxtariyyət verilir

Ali təhsildə tarixi addım: Universitetlərə muxtariyyət verilir Sosial

Ali təhsildə muxtariyyət: Məsələ yenidən aktuallaşır

Ötən günlərdə ali təhsil ocaqlarına muxtariyyətin verilməsi ilə bağlı fikirlər səsləndi. Cəmiyyətin bu mövzuya artan marağı muxtariyyət anlayışının mahiyyəti və onun real tətbiq imkanları ilə bağlı bir sıra fundamental sualları aktuallaşdırır. Xüsusilə maliyyə muxtariyyəti məsələsi daha çox diqqət çəkir. Belə ki, ali təhsil müəssisələrinə muxtariyyət verildiyi halda onların dövlət büdcəsindən maliyyələşməsinin davam edib-etməməsi hələ də mühüm diskussiya mövzusudur.

Mövzu ilə bağlı News24.az-a açıqlama verən Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, son günlər ali təhsil ocaqlarına muxtariyyət verilməsi ilə bağlı səslənən fikirlər cəmiyyətdə haqlı maraq doğurur:

“Xüsusilə də bu ideyanın beynəlxalq təcrübədə necə işlədiyi və Azərbaycanda hansı nəticələr verə biləcəyi sualları aktuallaşır. Çünki ali təhsilin keyfiyyəti təkcə auditoriya ilə məhdudlaşmır, bu sahə birbaşa ölkənin intellektual, iqtisadi və sosial inkişafına təsir göstərir”.

Milli Məclisin deputatı Elnarə Akimova

Beynəlxalq təcrübədə

Deputatın sözlərinə görə, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, universitet muxtariyyəti uzun illərdir tətbiq olunur və uğurla nəticə verir:

"Almaniya, Finlandiya, Niderland və Türkiyədə universitetlər akademik, maliyyə və inzibati baxımdan geniş səlahiyyətlərə malikdir. Lakin bu səlahiyyətlər “tam sərbəstlik” anlamına gəlmir. Dövlət ali təhsil müəssisələrini maliyyələşdirməyə davam edir, amma ayrılan vəsaitin necə xərclənəcəyinə universitetlər özləri qərar verirlər. Bu yanaşma bürokratik əngəlləri azaldır, təşəbbüskarlığı stimullaşdırır və ali məktəbləri nəticəyə görə məsuliyyət daşımağa sövq edir".

Əlavə maliyyə mənbələri universitetləri gücləndirir

Deputatın sözlərinə görə, Avropa ölkələrində universitetlər dövlət büdcəsindən maliyyə alsalar da, bununla kifayətlənmirlər:

"Onlar elmi qrantlar, beynəlxalq layihələr, sənaye ilə əməkdaşlıq və ödənişli proqramlar vasitəsilə əlavə gəlir mənbələri formalaşdırırlar. Nəticədə ali təhsil müəssisələri təkcə tədris mərkəzi deyil, həm də elmi və innovativ platforma kimi fəaliyyət göstərir. Dövlət isə əsasən strategiyanı və keyfiyyət standartlarını müəyyənləşdirir, gündəlik idarəetməyə müdaxilə etmir.

Tələbə qəbulunda balanslı model

Tələbə qəbulu məsələsində də beynəlxalq təcrübə balanslı model nümayiş etdirir. Əksər ölkələrdə mərkəzləşdirilmiş imtahan sistemi minimum keçid səviyyəsini müəyyən edir. Universitetlər isə bu çərçivədə əlavə meyarlar tətbiq edə, bəzi ixtisaslar üzrə müsahibə, motivasiya məktubu və ya portfolio tələb edə bilirlər. Beləliklə, həm ədalət prinsipi qorunur, həm də ali məktəblərə öz akademik profillərinə uyğun tələbə seçmək imkanı verilir".

Azərbaycanda muxtariyyətin tətbiqi mexanizmlərdən asılıdır

Elnarə Akimova vurğulayıb ki, Azərbaycanda muxtariyyət ideyasına münasibət də məhz bu kontekstdə formalaşmalıdır:

"Burada əsas məsələ muxtariyyətin özü deyil, onun hansı mexanizmlərlə və necə tətbiq olunacağıdır. Əgər proses şəffaflıq, ictimai nəzarət və güclü hesabatlılıqla müşayiət olunarsa, ali təhsil sistemində keyfiyyət artımı qaçılmaz olacaq. Əks halda isə muxtariyyət idarəetmədə pərakəndəlik və məsuliyyətsizlik riski yarada bilər".

Mərhələli və düşünülmüş addımlar vacibdir

Deputat hesab edir ki, ali təhsil müəssisələrinə muxtariyyət verilməsi beynəlxalq praktikada özünü doğrultmuş modeldir və Azərbaycanın da bu istiqamətdə addım atması təbii görünür:

"Lakin bu addım emosional deyil, düşünülmüş, mərhələli və nəzarətli şəkildə atılmalıdır. Çünki ali təhsil elə bir sahədir ki, burada qəbul edilən hər qərarın təsiri illər sonra bütövlükdə cəmiyyət səviyyəsində hiss olunur".