Azərbaycan toylarında "Vağzalı" erası bitir? – Milli kimlik və müasir TRENDLƏRİN QARŞIDURMASI

Azərbaycan toylarında "Vağzalı" erası bitir? – Milli kimlik və müasir TRENDLƏRİN QARŞIDURMASI Sosial

Son dövrlərdə toy mərasimlərində musiqi zövqündə nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur. Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun sözlərinə görə, artıq bir çox bəy və gəlin şadlıq sarayına daxil olarkən “Vağzalı”nı seçmir. Əvvəllər demək olar, hər toyun ayrılmaz hissəsi sayılan bu musiqi getdikcə arxa plana keçir. Onun yerini isə daha müasir, fərqli üslublu və hətta xarici mahnılar tutur. Bəzilərinin fikrincə, bu tendensiya toy mərasimlərində fərdiliyin və yenilik axtarışının artdığını göstərir.

Bəs bu dəyişikliklər ənənəvi dəyərlərin zəifləməsi kimi qiymətləndirilməlidir, yoxsa sadəcə zövqlərin yenilənməsi ilə bağlıdır?

Mövzu ilə bağlı News24.az-a danışan sosioloq Naib Niftəliyev bildirib ki, toy mərasimlərində hansı musiqinin seçilməsi hər bir insanın şəxsi azadlığı və fərdi seçimidir:

“Biz kiminsə seçimlərini nə məzəmmət edə, nə də məcburi şəkildə istiqamətləndirə bilərik. Lakin digər tərəfdən, milli dəyərlərin və ənənələrin qorunması da olduqca vacibdir. Toy adətləri nəsildən-nəslə ötürülən mədəni irsdir və bu, xalqın özünəməxsusluğunu, unikallığını göstərən əsas amillərdən biridir. “Vağzalı” uzun illər ərzində gəlinin toy məkanına daxil olmasını simvolizə edən ənənəvi musiqi olub".

Sosioloq qeyd edib ki, “Vağzalı”nın əhəmiyyəti danılmazdır:

"Təbii ki, kimsə fərqli musiqi seçə bilər. Bu, onun mənəvi haqqıdır. Amma eyni zamanda, adət-ənənələri yaşatmaq, onları hiss etmək və gələcək nəsillərə ötürmək də cəmiyyət olaraq bizim üzərimizə düşən məsuliyyətdir. Zaman keçdikcə bir çox şey dəyişir və bəzi ənənələrin arxa plana keçməsi istisna olunmur. Ancaq unutmamalıyıq ki, bizim dəyərlərimiz başqaları tərəfindən mənimsənilə və fərqli şəkildə təqdim oluna bilər. Buna görə də öz mədəni irsimizə sahib çıxmaq vacibdir".

Naib Niftəliyev bildirib ki, bu məsələ həm də iqtisadi baxımdan əhəmiyyətlidir:

"Toy sektoru, restoranlar və xidmət sahələri üçün milli dəyərlərin qorunması bir trendə çevrilə bilər. Millilik yalnız mənəvi deyil, həm də maddi dəyər yaradır. Düşünürəm ki, burada ən doğru yanaşma balansdır, yəni yeniliyə açıq olmaqla yanaşı, əsas dəyərləri qorumaq önəmlidir. Biz buna "yenilikçi mühafizəkarlıq" deyə bilərik. İnsan öz köklərinə bağlı qalaraq inkişaf etməlidir. Toy adətləri, mənəvi dəyərlər və cəmiyyətin baxışları bir-biri ilə sıx bağlıdır".