Azərbaycanda meymunçiçəyi qeydə alınıb? – Rəsmi
Sosial
"2026-cı il 20 aprel tarixinə olan rəsmi məlumatlara əsasən, Azərbaycanda meymunçiçəyi infeksiyasına yoluxma halı qeydə alınmayıb".
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov məlumat verib:
"Rusiya və bəzi ölkələrlə intensiv gediş-gəlişə baxmayaraq, ölkəmiz üçün epidemioloji risk hazırda aşağı qiymətləndirilir. Bu virus qripdən fərqli olaraq hava-damcı yolu ilə geniş yayılmır, əsasən uzunmüddətli və yaxın fiziki təmas nəticəsində ötürülür. Bu səbəbdən genişmiqyaslı yayılma ehtimalı aşağı hesab olunur".
Mütəxəssis qeyd edib ki, Azərbaycanda xəstəliyin aşkarlanması üçün laborator diaqnostika imkanları mövcuddur, şübhəli hallarla bağlı davamlı epidemioloji nəzarət və monitorinq aparılır:
"Profilaktik məqsədlə vətəndaşlara ümumi gigiyena qaydalarına, əllərin müntəzəm yuyulması və dezinfeksiyası, dərisində naməlum səpkilər olan şəxslərlə yaxın təmasdan çəkinmək və şəxsi gigiyena vasitələrindən (dəsmal, yataq dəsti və s.) ortaq istifadə etməmək tövsiyə olunur. Ümumilikdə, meymunçiçəyi ilə bağlı vəziyyət səhiyyə qurumları tərəfindən nəzarətdə saxlanılır".